Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc AÇIQLANDI

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 433,15 milyon ABŞ dolları dəyərində 29 855 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 47,4 % və 27,8 % çoxdur.

4 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,3 dəfə azalaraq 55 ədəd (3,772 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 27,9 % artaraq 27 589 ədəd (382,169 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 4 474-ü (88,015 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 568-i (23,771 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 7,65 %, ikincinin isə 6,2 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 42,8 % artaraq 2 061 ədəd (30,375 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 48,5 % artaraq 150 ədəd (16,83 milyon ABŞ dolları dəyərində) olub.

0.48539304733276