Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatına yekun vuruldu - FOTO

15-19 may 2023-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubunun stadionunda nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatı keçirilib.

Bakunews.media xəbər verir ki, çempionatda FHN-in aparatı və qurumlarının ümumilikdə 23 komandasından 250-yə yaxın idmançı iştirak edib. Yarışı FHN-in İdman-sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev və yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər. Çempionatın baş hakimi Elnur Muradov olub.

Əvvəlcə, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edən FHN-in İdman-sağlamlıq Klubunun rəisi Füzuli Musayev vurğulayıb ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Ulu öndər digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirib və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurlar qazanılıb.

Çıxışında ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin və xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən bəhs edən F.Musayev, dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın həm də dünyada idman ölkəsi kimi tanındığını iftixar hissi ilə dilə gətirib.

Qeyd edək ki, çempionatda iştirak edən komandalar 4 qrupa bölünüb və 4 qrupdan 1-ci və 2 ci yerləri tutanlar növbəti tura vəsiqə qazanıblar. 3-cü yer uğrunda keçirilən görüşdə Mülki Müdafiə Qoşunlarının komandası Gəncə Regional Mərkəzinin komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası qarşılaşıb. Əsas vaxtda qalib müəyyənləşmədiyinə görə, penalti zərbələrindən qalib ayrılan DYMX-nin komandası çempionatın qızıl medalına yiyələnib.

Çempionatda ən yaxşı qapıçı Zaman Zamanov (FHN Akademiyası), ən çox qol vuran oyunçu Samir Nərimanlı (Sumqayıt RM), veteran oyunçu Ramin Quliyev (FHN aparatı), əzmkar komanda isə Gəncə Regional Mərkəzinin komandası olub.

Sonra qaliblərə kubok, medal və diplomlar təqdim olunub.

0.46547293663025