ABŞ Azərbaycana nə vaxt səfir göndərəcək? - Dövlət Departamentindən CAVAB

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Amerikanın Azərbaycana yeni səfir təyinatının gecikməsi ilə bağlı məsələyə münasibət bildirib.

“Report”un ABŞ bürosu xəbər verir ki, M.Miller müvafiq məsələ ilə bağlı ünvanlanan suala cavabında deyib ki, Dövlət Departamenti ötən ilin may ayında ABŞ Prezidenti Cozef Bayden tərəfindən namizədliyi irəli sürülən Mark Libbinin tezliklə təsdiqlənməsini dəstəkləyir:

“Biz namizədimizin tezliklə təsdiqlənməsini dəstəkləyirik. Bununla bağlı əlavə suallarınız varsa, yəqin ki, onları Kapitoliyə yönləndirməlisiniz”.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.

2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden Mark Libbi adlı diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb.

Ancaq, bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

Baydenin Azərbaycana səfir namizədi Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib.

O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

0.49587488174438