Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planı

ABŞ-ın Cənubi Qafqazda fəallaşması Rusiya mediasında ciddi narahatlığa və bəzi təhlillərə yol açıb. Məsələn, “Novıye İzvestiya” qəzetinin yazarı Sergey Kron da maraqlı məqamlara toxunur:

“Vaşinqton Azərbaycana doğru yeni dönüşə başlayıb. Prezident Co Baydenin fikrincə, Rusiyanı Cənubi Qafqazdan qovmaq və Bakını regionda əsas müttəfiq etməyin vaxtı çatıb. Buna görə də Azərbaycana erməni lobbisi ilə heç bir şəkildə bağlılığı olmayan Mark Libbini səfir göndərmək qərarı verilib”.

“Vestnik Kavkaza” portalının baş təhlilçisi Andrey Petrov isə iddia edir ki, ABŞ Rusiya sülhməramlılarının amerikalı hərbçilərlə əvəz olunmasını istəyir: 

“Amma Azərbaycan öz ərazisində heç bir beynəlxalq missiyaya razılıq verməyəcək. ABŞ Azərbaycanı Cənubi Qafqazda əsas müttəfiqi edə bilməyəcək. Əksinə, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxaraq ABŞ-ın əsas müttəfiqi olacaq. Onda Azərbaycan Rusiyanın regiondakı yeganə müttəfiqi olacaq. Məsələ burasındadır ki, amerikalıların Bakıya təklif etmək üçün onun milli maraqlarından, qonşu Rusiya ilə iqtisadi və mədəni əlaqələrindən üstün olacaq heç nələri yoxdur. Gələcəkdə necə olacaq? Nə qədər ki, İlham Əliyev prezidentdir, heç nə dəyişməyəcək”.

Bəzi müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Rusiya hakimiyyət dairələrində və Rusiya mediasında belə bir narahatlıq Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ərəfəsinə təsadüf edib. Lakin Bakı strateji dilemma qarşısında deyil. Yəni bizim Ukrayna kimi Avroatlantik məkana açıq surətdə inteqrasiya etmək seçimimiz görünmür. Hakimiyyət anlayır ki, bu halda Azərbaycan Qərblə Rusiyanın növbəti toqquşma poliqonuna çevrilə bilər...

"Baydenin iki dəfə məktub göndərməsi, Vaşinqtonun vasitəçilik təşəbbüsünü xeyli dərəcədə ələ alması görünür ki, Rusiyada hansısa siyasi dairələri və onların nəzarətində olan medianı narahat edib”, - bunu isə prezidentliyə eks namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev deyir.

Onun sözlərinə görə, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planı mövcuddur: 

“Lavrov və digərləri də oxşar fikirləri tez-tez səsləndirirlər. Ümumiyyətlə, Rusiya postsovet məkanında təsirlərinin azalmasından narahatdır. Amma Azərbaycan bu siyasətdə iştirak etmir. Biz son illərdə şimal qonşumuzla çox sağlam əlaqələr qurmuşuq. Yəni Rusiyanın bölgə ilə bağlı niyyəti ola bilər, amma bu, birbaşa Azərbaycana qarşı deyil. Xüsusən də Putinlə Əliyev arasında qarşılıqlı etimad mövcuddur. Bunu görüşlərdə, salamlaşanda, Qarabağda gedən proseslərdə görmək mümkündür. Əlbəttə, ABŞ və Fransa Rusiyanın yerini BMT egidası altında doldurmaq istəyir, amma Bakı buna əsla razılıq verməyəcək. Bu gün baş verənlər də mürəkkəb geostrateji oyunların nəticəsidir. Azərbaycan bu qarışıq hadisələrdən, çoxvektorlu proseslərdən baş çıxarmalıdır. Çünki cərəyan edən oyunlar heç də Ermənistan-Azərbaycan məsələsi deyil, region uğrunda qarşıdurmadır. Azərbaycan isə ABŞ-la münasibətləri Rusiyanı nəzərə almaqla inkişaf etdirir. Rusların həyəcanını anlamaq olar, ən yaxşısı qabağa düşüb yarımçıq qalan işləri reallaşdırmaqda ermənilərə təzyiq etsinlər”.

/Yeni Müsavat/

0.086781978607178