Fuad Əliyev: Azərbaycan öz haqq savaşında zəfər çaldı
Siyasi ekspert, prezidentliyə eks-namizəd Fuad Əliyev Zəfər bayramı ərəfəsində Baku News-a müsahibə verib.
- Fuad müəllim, artıq Zəfər bayramının üçüncü ilini qeyd edəcəyik. Zəfər gününə qədər və Zəfər günündən sonra Azərbaycanı necə görürsüz?
- Bu 30 il işğal dövründə, hər bir Azərbaycan vətəndaşı, bu işğalı qəbul etməyərək, torpaqlarımızı azad olunacağına inamla yaşayırdı. Demək olar ki, 2003-cü ildən başlayaraq, bu inam gündən-günə güclənirdi. İlham Əliyev prezident olandan sonra, hərbi quruculuq işləri daha da sürətləndi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, texnika ilə təchiz edildi, ordumuz müasir silah-sursatı xaricdən alındı. Bu çox vacib bir məsələ idi. Paralel olaraq, hərbi sənaye kompleksini yaratdı. Və hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olundu. Bu da prioritet məsələlərdən biri idi. Azərbaycanın iqtisadiyyatı da güclənirdi, inkişaf edirdi. İrimiqyaslı neft-qaz kontraktları bağladı. Azərbaycan beynəlxalq platformalarda ildən-ilə mövqeyini gücləndirirdi. Bizim tərəfdaşların sayı çoxalırdı. Azərbaycan ölkələrin sayına görə, BMT-dən sonra, ikinci təşkilata - Qoşulmama Hərəkatın sədr ölkəsi olaraq beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Bu Zəfər gününə gədər qısa bir xronika idi. Zəfər günündən sonra Azərbaycan tam başqa bir Azərbaycan oldu. Bu illər ərzində qazandığı nüfuz, daha da artdı. Artıq Azərbaycan Qafqaz regionda lider ölkədir. Artıq Azərbaycan vətəndaşı başıdik, böyük qürur hissilə yaşayır.
-Qeyd etdiyiniz kimi Azərbaycan ildən-ilə inkişaf edirdi. Amma bunu qəbul etməyən ölkələrdə olub, hansılar ki, indi də Qələbəmizi qəbul etmirlər.
-Tamamilə doğrudur. 90-ci illərdə tələm-tələsik yaranan Minsk qrupu, bizim üçün bir tələ idi. 25 ilə yaxın bu “turist qrupu” bizim başımızın altına yastıq qoyurdu. Məsələnin həllini uzadırdılar. Eyni zamanda Ermənistanı və separatçıları silahlandırırdılar. ABŞ Azərbaycana qarşı 907-ci maddəni qəbul edir. Yeri gəlmişkən, hələ də onu ləğv etməyib. ABŞ Konqresi Ermənistana və separatçılara hər il maliyyə yardımı ayırırdı. Fransa ümümiyyətlə Ermənistanı dolayısı və müharibə vaxtı açıq şəklində dəstəkləyirdi. İndi də davam edir. Yaxın qonşumuz İran Ermənistanla enerji və digər sahələrdə əməkdaşlıq edirdi. Separatçılarla bir yerdə işğalda olan torpaqlarımızı istismar edirdilər. Qonşumuz Rusiya həm bizə, həm də ermənilərə silah verirdi. Bir fərqlə. Bizə satırdılar, ermənilərə isə pulsuz verirdilər. Bu cür ciddi problemlərimiz var idi. Prezident İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində, müharibədən qabaq, Rusiya və İranı neytrallaşdıra bildirk, Türkiya ilə yanaşı İsrail, Pakistan, Böyük Britaniya, İtaliya kimi dövlətlərdən dəstək aldıq. Buna nail olmaq üçün illər lazım idi.
-Ermənistanın “yenilməz ordusu” ilə bizi qorxudurdular, müharibəni başlasaz uduzarsız deyənlər olub. Bunu deyənlər nəyə nail olmaq istəyirdilər?
-Bunu deyənlər bizim işğalla barışmağımızı istəyirdilər. Baxın Vətən müharibəsi başlayan gündən bütün “voyenkomatlar” insanlarla dolmuşdur, hamı könüllü yazılmaq üçün ora getmişdilər. Ermənistan da isə ordudan fərarilik faktları ildrım sürətlə çoxalmışdır. Biz xalq kimi, həqiqi mənada bir yumruq kimi olduq. Məktəbli uşaqdan tutmuş prezidentə gədər hamımız bir yumruq kimi əsgərlərimizin arxasında durub, onlara dəstək verirdik. 30 il ərzində bu erməni uydurmalarla bizim beyinlərimizi doldururdular. Heç nə alınmadı. Azərbaycan əsgəri bu mifləri, uydurmaları dağıtdı. Biz xalq olaraq bütün dünyaya göstərdik ki, tarixi həqiqət, ədalət gec- tez öz yerini tutur. Azərbaycan öz haqq savaşında zəfər çaldı.