Siyasi dialoqun resepti nədir?

Bütün mövcud nəzəriyyələrə istinadən deyə bilərik ki, dialoqsuz siyasət yalnız sərt diktatura rejimlərinə məxsusdur. Əslində bu sadə həqiqəti anlamaq üçün siyasətçi və ya alim olmağa belə ehtiyac yoxdur. Ənənəvi ailənin “tiran” başçısı da dialoqa ehtiyac duymur. Axı dialoq “tiran” ailə başçısının nəyinə gərəkdir? Mürəkkəb nəzəriyyələrin və bəşəriyyətin siyasi tarixinə mənfi obraz kimi düşmüş şəxslərin adlarının çəkilməsi ilə özümüzü heç yormayaq. Dialoqsuz mühit şübhələrə, zorun tətbiqinə, habelə qərəzli təxribat və manipulyasiyalara yol açır. Dialoq mühiti isə tam əksinə, sivil münasibətlərinin ilk mərhələsi və başlanğıcıdır.

Bu fikirlər politoloq A.Adilin “Siyasi dialoqun resepti” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Psevdodemokratlar bilməlidirlər ki, dialoq demokratik münasibətlərin əsas meyarlarından biridir. Dialoqsuz mühit isə qarşılıqlı şübhələrə və etimadsız münasibətlərə gətirib çıxara bilir. Deməli, dialoqu inkar edənlər barış və inkişafı yox, məhz ixtilaf və tənəzzülü seçmiş olurlar. Razılaşın ki, qeyd olunan təsbit sadə məntiqin nəticəsidir. Misalçün, dövri mətbuatdan bilirik ki, işğaldan azad olunmuş ərazilərə ötən müddət ərzində Prezident Administrasiyasının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərinin, habelə tanınmış politoloq və ictimai xadimlərin birgə iştirakı ilə bir neçə səfər təşkil edilib. Fərqli siyasi baxışlara sahib olan, bir-biri ilə müxalif mövqedə dayanan siyasətçilər uzun illərdən sonra bir yerdə, sözün həqiqi mənasında, dialoq şəraitində səfərə çıxmışdılar.

Bu cür təcrübələr ölkəmizdə yaşanan milli həmrəyliyin vizit kartı hesab olunmalıdır. Əminəm ki, illər sonra tarixçilər bu təcrübəni məhz ölkədə demokratik ənənələrin formalaşdırılması prosesinin parlaq mərhələsi kimi dəyərləndirəcəklər. İqtidarın bu cür təşəbbüsləri ölkəmizin demokratik təcrübəsini zənginləşdirir. Nəhayət, bu cür təcrübələr ölkəmizə qarşı yönəlmiş bütün təxribatlara qarşı mübarizədə ümummilli müqavimətimizi artırır. Qeyd olunanlar müstəvisində daha bir sual yaranır: Milli birlik və həmrəylik mühiti radikalları niyə bu qədər narahat edir? Nədən siyasi dialoq daim qərəzli və əsassız tənqidlərin hədəfindədir? Deməli, dialoq və həmrəylik bu bəla-siyasətçiləri çox narahat edir.

Elə bu səbəbdən də xalq haqlı olaraq bu bəla-siyasətçilərə psevdopatriot adını verib. Siyasi şoumenlərin bütün oyunları artıq ifşa olunub. Onların sayəsində Azərbaycan ictimaiyyəti bütün siyasi aktyorluq obrazlarına bələddir. Dram, komediya, tragikomediya, romantika, kriminal, habelə mümkün olan və hətta olmayan bütün digər janrları bizim siyasətimizdə yaşadan demaqoqlar indi də çox fəal şəkildə özləri üçün yeni əcnəbi “prodüser” axtarışındadırlar.

Hansı xislət sahibi olmalısan ki, milli qürur və ümumxalq sevincinin səbəbi olan işğaldan azad edilmiş ərazilərə ölkənin bütün siyasi partiyalarının nümayəndələrinin birgə səfərinə qarşı çıxış edəsən və hətta bu siyasi həmrəylik aksiyasına istehza ilə yanaşasan? Sağlam psixologiyaya sahib olan şəxs bu halı başa düşə bilməz. Bu cür qərəzli və eybəcər davranışın tək səbəbi xainlikdir. Əlbəttə, burada məntiq və obyektivlik axtarışından söhbət belə gedə bilməz.

Mövcud kontekstdə hər kəs üçün tam şəkildə aydın olmalıdır ki, radikallar dialoqu istəmirlər və ya ondan qorxurlar. Əsas məsələ də elə budur. Digər bütün “izahatlar” sadəcə dialoqdan qaçmaq üçün istifadə olunan bəhanələrdir. Məsuliyyətli vətəndaş olaraq bu prinsipial məsələni özümüz üçün aydın etməliyik. Burada klassik bir aforizmin qeyd olunması yerinə düşərdi: “İstəyən üsul axtarır, istəməyən isə bəhanə.” Odur ki, banal və kiçik bir deyim radikalların ilk baxışdan şıltaq və məntiqsiz görünən davranışına aydınlıq gətirir, həmçinin onların bu cür qərəzli addımlarının əsl niyyətini ifşa edir.

Bütün tərəddüdləri aradan qaldırmaq üçün, gəlin, qısaca olaraq hər bir cəmiyyətin inkişafına töhfə verə biləcək bəzi demokratik dəyərləri yada salaq: həmrəylik, milli birlik, aşkarlıq, fərdi inkişaf, eşidib-eşidilmək imkanı, şəxsi məsuliyyət, vətəndaşın fərdi əhəmiyyət hissi, individuallığı qorumaq imkanı, bacarıqların bölüşməsi, siyasi baxışları legitim müdafiə etmək, sağlam mübahisə və rəqabət etmək imkanı və s. Sadalanan demokratik dəyərlərin mahiyyətinə diqqət yetirən zaman tam şəkildə və tərəddüdsüz aydın olur ki, bütün bu amillərin təcrübədə mövcudluğunu şərtləndirən strateji resurs məhz siyasi dialoq mühitidir. Bu mənada siyasi dialoq məfhumu bütün demokratiyaların ali hədəfi olan vətəndaş cəmiyyətinin təməli və tələbidir.

Əlbəttə, siyasi proseslərdə iştirak edən bütün tərəfləri siyasi dialoqa alışdırmaq lazımdır. Həmrəylik, səmimiyyət və qarşılıqlı etimad dövlət başçısının hər hansı bir Sərəncamı ilə yol və ya digər infrastruktur obyekti kimi birdən-birə inşa olunub istifadəyə verilə bilməz. Siyasi dialoq mühiti bir prosesdir və burada ən önəmli amil ali siyasi iradənin mövcudluğudur. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı səsləndirdiyi “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik” fikri bilavasitə siyasi dialoqla bağlı olan ali siyasi iradənin təcəssümüdür.

Qeyd olunanları nəzərə alaraq, özümüzə bir sual verək: “Dövlətin və cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malik olan siyasi dialoqun resepti nədir?” Bu suala obyektiv cavab axtaranda radikallıq, nifrət, qalmaqal, münaqişə, qərəz, riyakarlıq və düşmənçilik kimi məfhumlar yada düşməz. Çünki bütün bunlar xəstə, xain və radikal təfəkkürün məhsullarıdır. Siyasi dialoq mühiti isə cəmiyyətə həmrəylik, barış və sabitliyi vəd edir. Məhz buna görə də Azərbaycan xalqının seçimi bölgəyə sülh, rifah və barışı gətirmiş Prezident İlham Əliyevin Qələbə siyasətidir.

 

1.9103028774261