Dubayda “Xəzər həftəsi - 2023” forumu başa çatıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “Xəzər həftəsi - 2023” illik forumu başa çatıb.

Bakunews.media-ın məlumatına görə, Böyük Xəzər Assosiasiyası (GCA) və İnteqral şirkətlər qrupunun “DP World” ilə birgə təşkil etdiyi tədbir Qlobal Yükdaşımaları Sammiti (Global Freight Summit) çərçivəsində baş tutub.

Forumun ilk günü Böyük Xəzər Regionunun (BXR) logistik dəhlizlərinin qlobal ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində rolunu müzakirə edən ekspertlərin dəyirmi masası ilə başlayıb.

Dəyirmi masada “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əməliyyat direktoru Yevgeni Si, o cümlədən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) keçmiş rəhbəri, ekspert Emil Məcidov çıxış ediblər. E.Məcidov ölkəmizin regionda nəqliyyat və logistika qovşağı kimi mühüm rolunu vurğulayıb.

“Qlobal ticarət: Dünyanın davamlılığına töhfə” mövzusunda keçirilən plenar iclasda GCA prezidenti Murat Seitnepesov açılış nitqi ilə çıxış edib. O qeyd edib ki, BXR qlobal enerji və ərzaq təhlükəsizliyi üçün çox vacibdir.

“Bu tədbir Böyük Xəzər Regionu üçün vacib olan ideyaların müzakirəsi və layihələrin təqdimatı, xüsusilə inteqrasiya olunmuş ticarət və logistika intellektual sistemlərinin yaradılması, investisiyaların cəlb edilməsi və regional inkişaf layihələrinin həyata keçirilməsinə tərəfdaşların dəvət edilməsi üçün əla platformadır”, - deyə M.Seitnepesov əlavə edib.

Sonra qlobal ticarət və onun qlobal dayanıqlığa verdiyi töhfə, BXR logistika dəhlizlərinin qlobal ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində rolu, o cümlədən ticarət və logistika sahəsində rəqəmsallaşma, ağıllı təchizat zəncirləri və s. mövzularının müzakirəsi üzrə panellər olub.

Tədbirin ikinci günü Özbəkistan, Qazaxıstan, Türkmənistan və Hindistan nümayəndələrinin çıxış etdiyi “Qadınlar - gələcəyin liderləri” mövzusunda panel sessiyası ilə başlayıb. Hər bir iştirakçı uğura aparan yol haqqında öz hekayəsini bölüşüb, eyni zamanda qarşılaşdığı çətinliklərdən danışıb.

Daha sonra “İqlim Dəyişikliyi və BXR - Çağırışların İmkanlara Çevrilməsi”, “Dəyişən Dünyada Gələcək Qlobal Liderlər”, “İnnovativ Maliyyə Ticarət və Logistika” və bir çox başqa mövzularda panel sessiyaları keçirilib.

Çıxışlar zamanı natiqlər Böyük Xəzər Regionunun ticarət və logistika potensialını bir daha vurğulayıb, onun istifadəsi və genişləndirilməsi ilə bağlı təkliflər veriblər. Onlar tədbirin yüksək səviyyədə təşkilini qeyd ediblər.

Ticarət və Logistikada Süni İntellekt və Maşın Öyrənməsinə dair başqa bir sessiyada bəyan edilib ki, əksər sənayelər, o cümlədən logistika süni intellekt kimi yeni texnologiyaların inkişafı ilə dəyişib. Natiqlərdən birinin qeyd etdiyi kimi, logistika sahəsində süni intellekt böyük məlumatlar bazasının (Big Data) əsl potensialını ortaya qoyub.

Panel zamanı yaxın gələcəkdə süni intellektin adi işçiləri əvəz edəcəyi və logistika fəaliyyətinin avtomatlaşdırılacağı barədə fikirlər də səsləndirilib.

Forum çərçivəsində həmçinin BXR-nin nəqliyyat-logistika dəhlizlərinin rəqəmsallaşdırılması və vahid əlaqələndirilməsi üzrə inteqrasiya olunmuş layihənin təqdimatı olub. M.Seitnepesovun qeyd etdiyi kimi, bu layihənin məqsədi regionda mövcud olan bütün dəhlizləri birləşdirmək və inteqrasiya etməkdir.

Günün sonunda “Xəzər Həftəsi - 2023” forumunun bağlanış mərasimi baş tutub. Burada GCA prezidenti M.Seitnepesov və İsveçrənin “NeWater” və “SymbioSwiss” şirkətlərinin İdarə Heyətinin sədri Klod Beqle çıxış ediblər.

“DP World” ilə əməkdaşlığa münasibət bildirən M.Seitnepesov bu əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirib.

GCA prezidenti xatırladıb ki, forum COVID-19 pandemiyası ilə əlaqədar üç il təxirə salınıb.

“Nəhayət, 2023-cü ildə biz yenidən Böyük Xəzər regionu ölkələrini bir araya gətirdik. Tədbir zamanı bir çox aktual məsələlər müzakirə olundu”, - deyə o əlavə edib.

Öz növbəsində Klod Beqle “Xəzər həftəsi”nin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, tədbir bir çoxları üçün əməkdaşlıq və əlaqələrin qurulması üçün mühüm platformaya çevrilib.

Qeyd edək ki, forum öz əhatə və təsir dairəsini genişləndirmək məqsədilə ilk dəfə olaraq Davosda (İsveçrə) ənənəvi keçirildiyi məkandan kənara çıxıb.

“Xəzər həftəsi - 2023”ün məqsədi Böyük Xəzər Regionu ilə dünya ölkələri arasında, eləcə də BXR çərçivəsində dialoqu və əməkdaşlığı inkişaf etdirməkdir.

İki gün ərzində iştirakçılar diqqəti logistik dəhlizlərin, ticarət inteqrasiyası və maliyyə şəbəkələrinin yaxınlaşması məsələlərinə yönəldiblər ki, onların həlli milli sərhədlərdən kənara çıxan və transsərhəd əməliyyatları sadələşdirən vahid sistem yaradacaq.

Forumda BMT, Beynəlxalq Ticarət Palatası və Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) kimi beynəlxalq təşkilatların nümayəndələri, həmçinin regionun hökumətlərindən, beyin mərkəzlərindən, akademik və təhsil ocaqlarından, nüfuzlu nümayəndə heyətlərindən ibarət qruplar iştirak ediblər.

Əlavə etmək istərdik ki, intellektual logistika sahəsində tanınmış dünya lideri olan “DP World” şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində keçirilən “Xəzər Həftəsi - 2023” forumu noyabrın 15-dən 16-dək davam edib.

Rufina Abdullayeva

4.7245190143585