Elnur Abdullayev: “Laçında bahalıqdır”, “qalma xərcləri artırılıb” sözləri cəfəngiyyatdır” - FOTO

 
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 

“Laçında bahalıqdır”, “qalma xərcləri artırılıb”, “sadə çay verilmir” kimi iddialar cəfəngiyyatdır”.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü ilə söhbətində “Laçın Abadlıq” ASC-nin direktor müavini Elnur Abdullayev bildirib.

Onun sözlərinə görə, Laçında quruculuq-abadlıq işləri keçən ilin sentyabrında başlayıb:

“İlk ayda Bakı Abadlıq Xidməti tərəfindən mobilizasiya, yerdəyişmə aparıldı. Ümumi işlərə 2022-ci ilin oktyabr ayından başlanılıb. Səkkiz ay müddətində şəhəri təhvil vermişik. Qışda sərt soyuğa baxmayaraq, çox operativ işlər gedib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçına səfər etdi və 20 ailəyə evlərinin açarını təqdim etdi. Növbəti aylarda da bu proses davam edəcək. Demək olar ki, hər həftə köçümüz var. Hazırda Laçın şəhərində 346 ailə (1 326 nəfər) köçüb. Zabux kəndinə bu gün növbəti köç baş verib və 121 ailə (475 nəfər) gəlib. Toplam 467 ailə (1 801 nəfər) Laçına qayıdıb”.

Laçında 333 min metrə qədər kommunikasiya işləri aparılıb

O qeyd edib ki, işğaldan öncə Laçın şəhərində inzibati binalar istisna olmaqla 2 020 fərdi, 29 ümumi yaşayış evi olub:

“İşğal zamanı 2 020 evdən 1 500-ü dağıntılara məruz qalıb. Laçın şəhəri təhvil verildikdən sonra dövlətin müəyyən qurumları tərəfindən inventarlaşma işləri aparıldı. Bu zaman təxminən 500-ə yaxın fərdi yaşayış evi və inzibati bina sağlam idi. Biz işə ilkin olaraq bunlardan başladıq. Sözügedən evlərin kimə aid olması ilə bağlı araşdırma aparıb, siyahı hazırladıq. Minadan təmizləmə işləri tam başa çatmadığına görə qismən yararlı evlərlə bağlı da işlərə başladıq. Laçın şəhərində ümumilikdə 333 min metrə qədər kommunikasiya işləri aparılıb.

Biz relyeflə əlaqədar olaraq, ciddi çətinliklər yaşadıq. Magistral yolların daha geniş olmasını nəzərdə tutmuşduq. Lakin qayalıq, sərt relyef, həm də bəzi yerlərdə evlərə toxunmamaq üçün yolların genişləndirilməsi prosesini apara bilmədik. Şəhərin ara küçələrindəki bütün yolları bərpa etməyə başladıq ki, gələcəkdə sıxlıq yaşanmasın. Laçın kiçik ərazi olmasına baxmayaraq, artıq 60 kilometrə yaxın şəhərdaxili yollar çəkilib. Yeraltı magistral xətlərin hamısı çəkilib. Elektrik, təbii qaz, su ilə bağlı heç bir problem yoxdur. Şəhər içməli su ilə təmin olunub. Şəhər ərazisində doqquz su anbarı, üç yağış sularının toplanma deposu, bir ədəd çirkab sularının təmizləmə qurğusu fəaliyyət göstərir. Laçın şəhərinə Xırmanlar ərazisindən, dəniz səviyyəsindən 1 800 metr hündürlükdən alternativ su kəməri istifadəyə verilib. Kəmər suyu təbii, bulaq sularından çəkilib. Uzunluğu 8 900 metr olan kəmərin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb. Kəmərin çəkilişini qısa müddətdə başa çatdırdıq. Açılış mərasimi ulu öndərin 100 illiyinə - may ayının 10-na təsadüf etdi.

Başqa bir məqsəd bu dağda olan ərazinin daim yaşıl saxlanmasıdır. Bütün kommunikasiyalar tamamilə bitib. Noyabrın 7-də Laçın şəhəri və Zabux kəndinə mavi qazın verilməsi təmin edilib. Qazın layihə konseptində Füzuli tərəfdən Zəngilan istiqamətində qaz çəkilişi gözlənilirdi. İlkin olaraq 150 evdə qaz birləşmələri işləri aparılıb. Evlərin birləşməsi prosesi artıq 300-ü keçib. Bu da mərhələli şəkildə köçlə bağlıdır.

Laçında 712 obyekt üzərində tikinti-quruculuq işləri davam etdirilir. Onlardan 75-i qeyri-yaşayış, 628-i fərdi yaşayış, doqquzu ümumi yaşayış yeridir. Doqquz ümumi yaşayış massivi 144 mənzildən ibarətdir. Laçının soyuq iqlimini nəzərə alaraq, bütün evlərdə kombi istilik sistemi qurulub. Günəş şüalarının çox olduğu yerlərdə dam örtüklərində elektrik panelləri quraşdırılıb. Bu da alternativ enerji üçün istifadə olunur.

Digər yandan, Laçın şəhərinin özünü klassik xalq memarlıq üslubu var. Tikinti işləri qaya daşları ilə aparılıb. Biz “Laçın olduğu kimi bərpa olunsun” deyə göstəriş almışıq. Buna görə də maksimal olaraq xalq memarlıq üslubunu qoruyub-saxlamağa çalışdıq. Buna da nail olduq. Laçın amfiteatr kimi olduğundan biz klassik xalq memarlıq üslubu ilə yanaşı, Şərq-Qərb memarlıq üslubunu da təyin etdik. Bu, təkrarçılığın olmaması, fərqlilik üçün vacib idi. Tikinti işlərində standartlara uyğun materiallardan istifadə olundu. Müəyyən tarixi gözəllikləri olan obyektləri biz qoruyub-saxlamağa xüsusi diqqət göstərdik. Laçın şəhəri salınanda tikilən ilk obyektlərin hətta balaca bir hasarı qalmışdısa, onu dolğu ilə bərkitdik. Bayraq meydanına getdikdə, bunun şahidi olacaqsınız”.

Laçının mərkəzi küçəsi Bakının Nizami küçəsi kimi olacaq

E.Abdullayev vurğulayıb ki, Laçındakı Bayraq meydanı tamamilə fərqli düşünülüb:

“Bayraq meydanından baxdığımız ərazidə təxminən 22 evin olduğu yerdə açıq havada İşğal muzeyi tikilir. Burada məqsəd erməni vandalizmini təsvir etməkdir. Mərkəzi küçəni turistik ərazi kimi nəzərdə tutmuşuq. Burada nəqliyyat vasitələrinin hərəkəti qadağan olunur. Belə demək mümkündürsə, bura Bakının Nizami küçəsi kimi olacaq. Bu küçənin sağ və sol hissəsində tarixi tikililər mövcuddur. Küçənin sonunda əvvəllər Laçın Mədəniyyət Mərkəzi yerləşirdi. İşğal dövründə ermənilər onu dağıdıblar. Biz onun yerində yeni konsert mərkəzi tikdik. Eləcə də teatr və gənclər mərkəzləri də inşa olunub. Bayraq meydanının yerləşdiyi küçə ümummilli lider Heydər Əliyevin adını daşıyacaq”.

O məlumat verib ki, Laçındakı Konsert Mərkəzi 370 yerdən ibarətdir:

“Bu yerlərin 360-sı normal, dördü fiziki qüsurlu insanlar üçün nəzərdə tutulub. Teatr Mərkəzi açıq, qapalı, eləcə də aktyorluq mərkəzi olmaqla fəaliyyət göstərəcək. 1974-cü ildə Laçın şəhərində kinoteatr mərkəzi var idi. Ermənilər işğal dövründə onu dağıtmış, bir hissəsində kiçik təsərrüfat yaratmışdılar. O binaya baxış keçirəndə onun tam yararsız olduğunu gördük. Lakin Laçın sakinlərinin nostalji hisslər yaşaya bilməsi üçün oranı bərpa etməyi qərara aldıq. Mən deyərdim ki, kinoteatr Laçında olan tikililərin şah əsəridir. 230 yerdən ibarət olan kinoteatr ən son texnologiyalarla təchiz olunub. Bayraq Günü həmin teatrın açılışı oldu. Kinoteatr, Konsert Mərkəzi, Gənclər Mərkəzi olan küçə Mədəniyyət küçəsi olacaq. Laçında yenilik olaraq 530 metrlik məsafədə tramvay xətti çəkmişik”.

“Laçın Abadlıq” ASC-nin direktor müavini söyləyib ki, rayonda artıq bir neçə internet provayderi fəaliyyət göstərir:

“İnternetlə, eləcə də rabitə ilə bağlı heç bir problem yoxdur”.

46 müəssisə üzrə 1 169 vakansiya var, Laçın brendi yaradılacaq

O, əhalinin məşğulluq məsələsinin prioritet olduğunu vurğulayıb:

“Əhalinin sosial durumunun artırılması üzrə dövlət proqramına uyğun olaraq, quruculuq işi başlayarkən öncə buna diqqət göstərmişik. Yanvar ayından başlayaraq Laçın sakinləri ilə görüşlər keçirməyə başladıq. Laçın şəhərinin yaxınlığındakı Zeyirdi kəndi ərazisində olan 52 ha ərazidə Aqrosənaye Parkı inşa etdik. Parkda 46 müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur. 46 müəssisə üzrə 1 169 vakansiya mövcuddur. Biz artıq 430 nəfər Laçın sakinini işə götürmüşük. Yeddi müəssisə fəaliyyətə başlayıb. Digər müəssisələr də öz fəaliyyətlərinə yaxın vaxtlarda başlayacaq. Toplam istehsal sahəsi 4 800 kvadratmetr olan “Aydınoğlu” mebel fabriki artıq qurulub. Mebel fabrikinin bütün texnologiyaları Türkiyə istehsalıdır və yeni standartlara cavab verir. Burada 54 nəfər işləyir. Onlardan ikisi Laçın şəhər sakinidir. Bununla yanaşı, ayaqqabı istehsalı, tekstil, efir yağlarının istehsalı, seleksiya, istixanalar var. İstixanalarda nadir bitkilər yetişdirilir. Fəaliyyət göstərən istixana komplekslərinin sayı 12-dir. Artıq bu istixanalarda məhsuldarlıq da var. Laçın brendi yaradacağıq. Hələ ki, istixanalarda olan məhsullar Laçın sakinləri üçün nəzərdə tutulur.

Məhsullara daxili bazarda artıq tələbat yaranıb. Biz bu il bal və digər məhsulların istehsalına başlamışıq və qablaşdırmaya böyük əhəmiyyət vermişik. Belə deyim ki, məhsulun qiyməti qabından ucuzdur. Çünki biz gələcəkdə dünyaya çıxışı təmin etmək istəyirik. Bunun üçün marketinq işləri də aparılır. İnsanları işlə təmin edərkən onları müəyyən kurslara cəlb edirik. Elə sahələr var ki, onlar Laçında yoxdur. Neft-qaz sahəsini buna misal gətirmək olar. Laçına köçən şəxslər burada müəyyən sahədə çalışıb, pul qazanmalıdırlar. Vakansiyaları müəyyən etdikdən sonra insanlarla görüşür, kim hansı sahəni istəyirsə, ona uyğun hazırlıq kursları keçirik. Darıkaha ərazisində peşəyönümlü kurslar açmışıq. Laçında investisiya üçün qapılar açıqdır. Laçında qapalı və açıq tipli yarmarkalar hazırlanıb. Burada sakinlər öz məhsullarını sata bilirlər. Buraya ətraf ərazilərdən mallarını satmaq, yaxud alış-veriş üçün gələnlərdən ötrü gecələmə yeri də var”.

“1 manatlıq çay içmək, eləcə də 20-30 manatlıq set götürmək olar”

E.Abdullayev “Laçında bahalıqdır”, “qalma xərcləri artırılıb”, “sadə çay verilmir” kimi iddiaları cəfəngiyyat hesab edir:

“İstənilən halda hər bir insan öz istəyinə uyğun hərəkət edə bilər. Məsələn, bəzi insanlar birmanatlıq çay içə bilərlər. Lakin insan da var ki, 20-30 manatlıq çay seti götürə bilər. Bunlar fərqli yanaşmalardır. Nəzərə almaq lazımdır ki, bura Bakının mərkəzi deyil. Daşıma xərcləri var. Bunu nəzərə almaq lazımdır. Ona görə də biz yerli istehsala önəm veririk. Artıq Laçında modul tipli xəstəxana, 2 nömrəli məktəb, aptek, market fəaliyyət göstərir. Məktəblərin servis avtobusları var. Ödənişsiz uşaqları evlərindən məktəbə və geriyə aparırlar. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə elektron xəritə üzərində ictimai nəqliyyatın marşrutları müəyyən edilib. Zabux kəndindən Laçın şəhərinə, Laçın şəhər mərkəzindən Aqrosənaye Parkına, Darıkaha kəndindən şəhərdaxili üç istiqamətdə marşrutlar artıq təyin olunub”.

Qəbirdaşlarının şəkil və ad yerlərini boş saxladıq

O xatırladıb ki, biri Darıkahada olmaqla ümumilikdə Laçın şəhərində dörd qəbiristanlıq var:

“Məsələn, ən qədim qəbiristanlıqlardan biri Abdallar deyilən ərazidədir. Ancaq bu gün orada beş-altı məzar ya var, ya yox. Orada vəziyyət elədir ki, hətta insan sümüklərini görmək mümkündür. Digər məzarlıqları yabanı bitkilər örtmüşdü. Burada abadlıq işlərinin aparılması planımızda olmasa da, humanist addım atdıq. İnsanların qəbirləri ziyarət etməsini nəzərə alaraq yaşıllaşdırma qrupumuz ərazidə təmizləmə işləri apardı. ANAMA bu işdə bizə kömək etdi. Biz bu zaman dəhşətli faktlarla, vandalizmlə üzləşdik. Mərmər qəbirdaşları sökülüb aparılıb, digər qəbirlər dağıdılıb. İnsanların gəlib dağıdılmış qəbirləri görməsinin yaxşı hal olmadığını nəzərə alaraq, qəbirdaşlarının yenilənməsi istiqamətində qərar aldıq. Şəhər qəbiristanlığında 264 məzar müəyyənləşdirə bildik. 300 standart qəbirdaşı sifariş etdik. Onların böyük qismi quraşdırılıb. Quruculuq-abadlıq işləri getdiyi, vətəndaşların portalla gəldikləri üçün sakinlərin iştirakı olmadı. Müəyyən qalıqları məzarların yanında saxladıq ki, insanlar gələndə tanıya bilsinlər. Qəbirdaşlarının şəkil və ad yerlərini boş saxladıq”.

Direktor müavininin sözlərinə görə, Azərbaycanın güclü Ordusu var və ölkənin sərhədləri möhkəmləndirilib:

“Bizim qarşı tərəfdən heç bir gözləntimiz və qorxumuz yoxdur. Siyasi baxımdan, heç qarşı tərəfə düşmən kimi də baxmırıq”.

Laçında çoxmərtəbəli binalar olacaq

O deyib ki, Laçında tikinti işləri zamanı şəhərin Baş Planı üzrə hərəkət edilir:

“Bölünmüş ərazilər var. Təbii ki, şəhərdə bir sıra çoxmərtəbəli binalar olacaq. Laçın şəhəri 3 838 ailə 13 122 nəfərdən ibarətdir. Geri dönən insanların sayını daha yüksək götürməyə çalışırıq. Şəhər 18 min insana hesablanıb. Bu sayda insan 2040-ci ilə qədər olacaq. Qayıdış zamanı rəqəm 14 minə çata bilər. Çünki işğaldan əvvəl Laçın qeydiyyatı olub, lakin daha sonra başqa rayonda qeydiyyata keçən şəxslər var”.

Onun sözlərinə görə, əsrlərlə qurulan şəhəri cəmi bir ilə bərpa etmək olmaz:

“Biz oktyabr ayında işə başlamışıq. İlk vaxtlarda burada işıq, qaz, su olmayıb. Biz bu ofisdə metlaxın üstündə yatırdıq. Bura işğaldan yeni azad olunduğu üçün normal ustaları tapıb gətirmək çox çətin idi. Laçınlıların öz evləri ilə bağlı xatirələri var. Ən yüksək standartlı, müasir evləri tikib həmin şəxslərə təqdim etsən, onlar yenə də köhnə pəncərələrini axtaracaqlar. Bu gün evlərlə bağlı tələblər bitməz. Edilən müraciətləri də nəzərə alırıq. “Haranı gördüm, ev tikim” söhbəti olmayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tikintiyə, bərpaya yararlıdır rəyi verdikdən sonra işə başlamışıq. Sosial şəbəkələrdə bəzi klaviatura qəhrəmanları var ki, gündəmdə qalmaq üçün belə narazılıqlar olduğunu irəli sürürlər”.

Yeni Laçına 59 yeni mentalitet gələcək

E.Abdullayev məlumat verib ki, o vaxt laçınlılar işğalla əlaqədar olaraq Azərbaycanın 59 digər rayonuna köçüblər:

“Orada müxtəlif qohumluq əlaqələri qurublar. Laçınlı ailələrin övladları yeni bir mühitdə böyüyüblər. İstər-istəməz həmin ərazidə yaşayan toplumun mentalitetini götürüblər. Yəni Laçına 59 yeni mentalitet gələcək. Bu, inkişaf deməkdir. Biz laçınlılar olaraq ən böyük qayıdış mədəniyyəti nümayiş etdirməliyik. İnsanların istəyinin bitməməsi normaldır”.

Direktor müavini bildirib ki, indiyədək köç edənlərdən tamamilə geri qayıdan olmayıb:

“İşi ilə əlaqədar geri qayıdan insanlar var. Lakin onların ailələri Laçında qalırlar. Bir neçə günlük işlə əlaqədar gedib, yenidən ailələrinin yanına qayıdırlar. Dənizdə, neft-qaz sənayesində, dövlət müəssisələrində işləyənlər var. Bütün dövlət qurumlarının hələ hamısının Laçında filialları yoxdur. Məsələn, adam var ki, SOCAR-da işləyir və pensiyaya çıxmasına yeddi ay var. O, yeddi aydan ötrü pensiyadan məhrum olmaq istəmir. Lakin tamamilə geri qayıdanlar olmayıb”.

O, zəruri ərzaq məhsulları, dərmanların gətirilməsi ilə bağlı problemlərin olmadığını qeyd edib:

“Artıq Laçında marketlər var. Kənd təsərrüfatı məhsullarının satış məntəqələri var. Buraya hər şey gəlir”.

E.Abdullayev əlavə edib ki, şəhərə köçən ailələrin övladları dərhal dərsə başlaya bilərlər:

“Elm və Təhsil Nazirliyi bu məsələni diqqətdə saxlayır. Məsələ elektron səviyyədə olur. İnsanların övladlarının təhsil almasında problem yoxdur”.

“Mənim atam usta olub. Laçına ilk gələndə evlərin abadlıq işlərinə yanaşanda atamın əl işlərini görürdüm. Bu, çox böyük psixoloji sarsıntıdır. Bir sakinimiz vardı, ona açar təqdim ediləndən sonra oradan evinə qədər dayanmadan ağlaya-ağlaya getdi. O evə girəndə görünüş onu maraqlandırmadı. Həyətində, bağçasında hər hansı bir ağacı axtarıb tapmağa çalışdı. Çünki onunla xatirəsi vardı”, - E.Abdullayev bildirib.

O, ata evinin salamat qaldığını əlavə edib:

“İlk dəfə şəhərə gələndə məktəbimizə getdim. Sadəcə, divarları qalmışdı. Evimizə gedən yolda gözlədim. Orada məni nə gözlədiyini bildiyim üçün getmək istədim. Səhər tezdən oraya yollandım”.

O sonda vurğulayıb ki, Laçın indi İsveç şəhərlərinə bənzəyir.

0.35935807228088