Fuad Əliyev: Ermənistanda bu vəziyyətlə barışıblar və sülh istəyirlər

Ermənistan sülhə hazırdırmı və ya imzalayacağı sənədin şərtlərinə əməl edəcəkmi? Bunu demək çətindir. Çünki İkinci Qarabağ müharibəsində kapitulyasiya edən, Xankəndidəki separatçı xuntanın mövcudluğuna son qoyulması faktı ilə razılaşmaq məcburiyyətində qalan Ermənistan bütün bunlara rəğmən, sürətlə silahlanmağa başlayıb. Paralel olaraq erməni cəmiyyətində revanşizm və qisasçılıq meylləri zəifləmək əvəzinə, daha da artır.

Son zamanlar erməni din xadimlərinin davranışlarını nəzərdən keçirərkən görərik ki, erməni kilsəsi Ermənistanın qonşuları ilə sülh sazişi imzalanmasını istəmir və dini zəmində xalqlararası qarşıdurmanın yaranmasına çalışır. Qarabağ münaqişəsinin davam etdiyi otuz il ərzində də erməni kilsəsinin mövqeyi daima bu münaqişəni dinlərin toqquşması, xristianların sıxışdırılması və dini zəmində münaqişənin daha da dərinləşdirilməsindən ibarət olub. Erməni din xadimləri hesab edir ki, xristian sivilizasiyasının belə güclü bir vaxtında Azərbaycan qələbə əldə etməməli idi. Ona görə də hər fürsətdə yenə də dini siyasi vasitə kimi istifadə etməklə Azərbaycanı siyasi şantaja məruz qoymağa çalışırlar.

Prezidentliyə namizədliyi irəli sürülən Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Fuad Əliyev isə qəzetimizə söylədi ki, Ermənistanda revanşist çağırışlar az eşidilir. Onun sözlərinə görə, cəmiyyət, xüsusən yeni nəsil keşişlərin, qisasa dəvət edən qüvvələrin fikirlərinə əhəmiyyət vermirlər.

Fuad Əliyev bildirdi ki, Paşinyan hakimiyyəti cəmiyyəti mərhələli şəkildə sülhə hazırlayır: 

“Qarabağda separatizm bitdi, "artsax" ideyası gömüldü, İrəvanda xalq ayağa qalxmadı, Qarabağ ermənilərinin liderləri həbs olundu, yenə də nə xalqdan, nə müxalifətdən tərpəniş oldu, Xankəndi onlar üçün “alınmaz qala” idi, bu şəhəri terrorçulardan təmizlədik, tam nəzarətimizdədir, yenə də üsyan yoxdur. Deməli, Ermənistanda bu vəziyyətlə barışıblar və sülh istəyirlər. Müharibədən sonra keçirilən növbədənkənar seçkidə Paşinyana xalqın yenidən şans verməsi də o demək idi ki, ermənilər ona sülh mandatı verir. Xalq demək istədi ki, bu məğlubiyyətə baxmayaraq, biz Nikolun bizi sülhə aparacağına inanırıq. Ona görə də bu gün hansısa kilsə xadimi, hansısa daşnakçı ictimai rəyə təsir edə bilmir".

0.2129328250885