ABŞ dövlət katibinin Türkiyədən başlayan səfəri, Ankaranın doqquz əsas üstünlüyü - ŞƏRH + FOTO

ABŞ-nin Dövlət katibi Antoni Blinkenin Aralıq dənizi hövzəsi və Yaxın Şərqə səfəri davam edir. O, regiona ziyarətini Türkiyədən başlayıb. Sonra Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edib. Bu ziyarətin əsas mövzusu, heç şübhəsiz, Fələstində, o cümlədən Qəzza zolağında vəziyyət, HƏMAS-İsrail müharibəsinin bölgəyə təsiri və onun perspektivləri, habelə Qırmız dənizdə husilərin pozuculuq fəaliyyətinin qarşısının alınması kimi məsələlərdir. Habelə, regiondan neft və təbii qazın nəqlinin təhlükəsizliyinin təmin edilməsi ətrafında fikir mübadiləsinin aparılması da istisna edilmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antoni Blinkeni qəbul edib. Ondan əvvəl isə xarici işlər naziri Hakan Fidan Blinkenlə görüşüb. Türkiyə lideri ilə ABŞ rəsmisinin danışıqları 1,5 saat davam edib. Tərəflər Qəzza zolağındakı vəziyyəti, “F-16”ların Türkiyəyə satışını, İsveçin NATO-ya üzvlüyünü, Rusiya-Ukrayna müharibəsinin gedişini, Kiyevlə Moskva arasında vasitəçilərin iştirakı ilə “Taxıl sazişi”nin müddətinin uzadılmasını, İsrailin təhlükəsizliyinin təmin olunmasını, Fələstin dövlətinin yaradılmasını müzakirə ediblər.

H.Fidan A.Blinkenlə görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma və sülh danışıqları prosesini müzakirə etdiklərini bildirib:

“Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini dəstəklədiyimizi və bunun reallaşması üçün əlimizdən gələni etdiyimizi bildirdik. Onlar da bu məsələdə həmfikirdirlər, düşünürük ki, normallaşma bölgənin xeyrinə olacaq”.

Dövlət katibi səfərini niyə Türkiyədən başlayıb? Bunun bir sıra səbəbləri ola bilər.

Birincisi, Türkiyə Aralıq və Qara dəniz hövzələri, Yaxın Şərq bölgəsi, habelə Cənubi Qafqazda gedən proseslərin, hadisələrin başlıca aktorlarındandır.

İkincisi, rəsmi Ankaranın Rusiya və Ukrayna ilə münasibətləri normaldır. Başqa sözlə, Türkiyə hakimiyyəti başqalarından fərqli olaraq, rəsmi Moskva və Kiyevlə müzakirələr aparır və tərəflər üçün təminatçı dövlət rolu oynaya bilər. Bundan əlavə, onun Qara dəniz hövzəsinə aid ölkələrlə də münasibətləri qənaətbəxşdir.

Üçüncüsü, Türkiyənin Yaxın Şərqdə ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətərlə əlaqələri yaxşıdır, geniş iqtisadi əməkdaşlığı var.

Dördüncüsü, rəsmi Ankaranın həm İsrail, həm də HƏMAS-la əlaqələri mövcuddur.

Beşincisi, Ankara ilə Tehranın regionda baş verənlərlə bağlı ortaq mövqeyi var. Məsələn, PKK, İŞİD terror qruplaşmaları, İraq və Suriyanın ərazi bütövlüyü və s. məsələlərlə bağlı oxşar mövqe sərgiləyirlər. HƏMAS-la hər iki tərəfin əlaqəsi var və onu terror təşkilatı olaraq tanımır. İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin planlaşdırıldığı da Tehranla Ankaranın əlaqələrinin göstəricisi sayıla bilər.

Altıncısı, Türkiyə Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla çox yüksək səviyyədə əlaqələrə, əməkdaşlığa malikdir. Bu üstünlüyü onun regiona bağlı məsələlərdə Rusiya və ABŞ ilə əməkdaşlıq etməyinə imkan verir.

Yeddincisi, Türkiyə Qərbin, o cümlədən Avropanın təhlükəsiz enerji ilə təmin edilməsində aparıcı rollardan birini oynayır. Perspektivdə ölkənin karbohidrogen daşıyıcısı ölkəsinə çevirməsi də gözlənilir.

Səkkizinci, Ərdoğanın Yunanıstana səfəri Afina ilə Ankara arasında gərginliyin azalmasına səbəb olub. NATO-dakı iki müttəfiqi arasında münasibətlərin normallaşmasını isə ABŞ alqışlayır.

Doqquzuncusu, Türkiyə ilə Misir arasında diplomatik münasibətlərin səfirlər səviyyəsində bərpası da rəsmi Ankaranın regionda üstünlüklərindəndir.

Bunların sayını artırmaq da olar. Fakt budur ki, ABŞ-nin bəhs etdiyimiz bölgələrin həyati vacib məsələlərini Türkiyə ilə müzakirəsi daha faydalı ola bilər. Çünki rəsmi Ankaranın regional məsələlərə təsir etmək imkanları da var. Ona görə də ehtimal etmək olar ki, A.Blinken ölkə lideri ilə bölgələrə dair vacib məsələləri müzakirə edib. Bu, Ağ Evin həmin istiqamətlərdə yeni baxış sistemi hazırlamasına yardım edə bilər. Belə imkanları ilə Türkiyənin Cənubi Qafqaz, Qara dəniz və Aralıq dənizi hövzələrinə, Yaxın Şərqə, Fələstin məsələlərinə yanaşması da bu regionların gələcəyinə töhfə verə bilər. Bu kimi səbəblərdən o, ABŞ-nin regionda əsas müttəfiqi və tərəfkeşi kimi qalır. Antoni Blinkenin də ziyarətə Türkiyədən başlaması bu kimi üstünlüklərdən irəli gəlir. Çünki bütün regionların sülh, əməkdaşlıq, suverenlik və rifaha ehtiyacı var.

“Report” İnformasiya Agentliyi

0.17811703681946