Yuri Oliynık: “Fransa siyasətçiləri Ermənistanı nə qədər sevdiklərini nümayiş etdirirlər” - MÜSAHİBƏ

Fransanın son illərdə Afrikada açıq-aşkar problemləri yaranıb. Səfirliklər bağlanır, Paris Burkina-Faso, Niger, Mali və digər ölkələrdən geri çəkilir. Fransızdilli Ölkələr Şurası (Frankofoniya təşkilatı) Nigeri təşkilatın keçirdiyi beynəlxalq forumlarda iştirakdan kənarlaşdırır və buna cavab olaraq bu dövlət fransızdilli ölkələrlə əməkdaşlığı dayandırır. Siyahını uzatmaq da olar.

Niyə Fransa Afrikadakı mövqeyini bu qədər sürətlə itirir? Bir çox ekspertlər bunu Fransanın hazırkı Prezidenti Emmanuel Makron və onun komandasının siyasəti ilə əlaqələndirirlər.

“Ukrayna strateji araşdırmalar studiyaları” Qeyri-Hökumət Analitik Mərkəzinin tədqiqat proqramlarının rəhbəri, Ukrayna Afrika Araşdırmaları Mərkəzinin həmtəsisçisi Yuri Oliynık Bakunews.media-a verdiyi müsahibəsində özünün də bu fikirdə olduğunu qeyd edib:

- Razıyam ki, bu, görməli olduğu işi etməyən Prezident Emmanuel Makronun günahıdır. Məsələn, o, Afrika ölkələrinin əhalisinin seçki yolu ilə dəstəyini qazanmaqda maraqlı deyildi. Fransa Afrikanın problemlərinin həllində maddi yardım göstərmədi. Beləliklə, faktiki olaraq Makronun rəhbərliyi altında Fransanın təsirinin azalması göz qabağındadır. Ancaq bunun təməli hələ son 50 ildə onun sələfləri tərəfindən qoyulmuşdu.

Qərbi Afrikada, Fransanın təsir zonasında dekolonizasiya kifayət qədər formal xarakter daşıyırdı. Əslində, Fransa regionun əsas iqtisadi və siyasi lideri olaraq qalırdı. Afrikadakı Fransa müstəmləkələrinin (CFA - Colonies Françaises en Afrique) frankı Qərbi və Ekvatorial Afrikadakı və bəzi digər ərazilərdəki keçmiş fransız mülklərinin pul vahidinə çevrildi. Beləliklə, Afrika dövlətlərinin Parisdən maliyyə asılılığı var. Bundan əlavə, Fransa hərbi bazaları hələ də bölgədə mövcuddur.

İqtisadiyyata və sənayeyə heç bir sərmayə qoyulmadığından Fransanın təsir zonasında aşağı həyat səviyyəsi olub və bu belə olaraq qalmaqdadır. Paris fikrini yalnız dəyər-dəyməzinə Fransaya çatan ehtiyatların hasilatına cəmləşdirmişdi. Əhali arasında gərginlik daha da artırdı, xüsusən də son onilliklərdə internetin mövcudluğu ilə ədalətsiz vəziyyətin yarandığını yoxlamağın, başa düşməyin və buna əmin olmağın mümkün olduğu dövrdə. Bütün bunlar isə Saheldə (Saxara səhrasının cənubunda yerləşən region - red.) qeyri-sabitlik, münaqişələr, radikal və separatçı hərəkatların fəallığı fonunda baş verirdi. Bir çox ölkələrdə fransayönümlü hakimiyyətlər yalnız paytaxtlara və əsas nəqliyyat magistrallarına nəzarət edə bilirdilər. Problemin öhdəsindən gələ bilmədiyi üçün bunda da məhz Fransa günahlandırılır.

Bu zəiflikdən artıq Afrikada təbliğatını genişləndirən və daha sonra təsirini gücləndirmək üçün hərbi-siyasi komponentə keçən Rusiya istifadə edib. Fransa bu ərazini öz təsir zonasında saxlamaq üçün Afrikanın problemləri ilə daha tez məşğul ola, daha çox tərəfdaşlığa əsaslanan, ədalətli münasibətlərə keçə bilərdimi? Bəli, bilərdi. Lakin bunu etmədi, çünki bu, daha çox resurs və diqqət tələb edirdi. Paris belə qərar verdi: maşın, onsuz da, işləyirsə, nəyisə dəyişməyin nə mənası var? Bu vəziyyətə daimi protestlərin baş verdiyi Fransanın daxili problemləri əlavə olundu.

Son illərdə biz Fransanın Mərkəzi Afrika Respublikası, Mali, Burkina-Faso və Nigerdə ​​ardıcıl tənəzzülünün şahidi olduq. Kot-d'İvuar və Kamerunda Fransanın maraqları üçün təhlükə var. Qabondakı son çevriliş də, həmçinin, Fransaya arxalanan diktatura rejimindən narazılıq səbəbindən yaranmışdı.

- Bütün bunlar nəyə gətirib çıxaracaq? Fransa nəhayət Afrikanı tərk edəcək, yoxsa o, başqa bir şeydən yapışa bilər? Məsələn, Madaqaskarda son prezident seçkisində fransayönümlü siyasətçi sayılan Andri Radzuelina qalib gəlib...

- Bəli, amma prinsipcə, Fransa ilə onun müstəmləkələri arasında qarşılıqlı münasibətlər sistemi yenidən yaradılmasa, həmin Rusiya, Çin və ya hansısa güclü müsəlman ölkəsinin oraya daxil olmaq imkanı var...

- İndiki Fransaya baxanda elə gəlir ki, artıq təriflənən fransız diplomatiyası yoxdur. Afrikada problemlər yarandı, Paris Cənubi Qafqaza diqqət yetirmək qərarına gəldi və Ermənistanı çox fəal dəstəkləməyə başladı. Bu da Azərbaycanda əsaslı narazılığa səbəb oldu.

- Geosiyasi nöqteyi-nəzərdən baxsanız, Fransanın (Cənubi Qafqaz regionunda - red.) böyük maraqları və imkanları yoxdur. Parisin öz resurslarından daxili məsələləri həll etmək üçün istifadə etməsi daha məntiqli olardı.

Amma məsələ ondadır ki, Fransada böyük erməni diasporu var. Fransa siyasətçiləri özlərini ona bəyəndirmək üçün Ermənistanı nə qədər sevdiklərini nümayiş etdirirlər. Lakin bu, həqiqətən də, Fransanın diplomatik mövqelərini məhv edir və onun ikiüzlülüyünü göstərir. Gəlin xatırlayaq ki, Paris əvvəllər də Qarabağı işğal edən və beynəlxalq səviyyədə tanınmış (Azərbaycanın - red.) sərhədləri pozan Ermənistanı dəstəkləyirdi. Fransanın hərəkətləri Paris və Ankara arasındakı mübahisələrə görə NATO-nu zəiflədirdi. Təbii ki, belə bir siyasəti ağıllı siyasət adlandırmaq çətindir. Ola bilsin ki, fransız siyasətçilər bu cür hərəkətləri ilə əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışırlar, hətta ola bilsin ki, bu, bir nəticə verir, lakin bu nəticə qısamüddətlidir. Daha sonra isə sifətin itirilməsi, Fransanın dünyada və hətta Afrikada nüfuzunun xeyli düşməsi ilə bağlı əlavə problemlər yarana bilər.

Nair Əliyev

0.26468515396118