Politoloq Azərbaycan-Ermənistan danışıqları barədə: “İkitərəfli görüşlər daha səmərəli olur” - FOTO

Politoloq Qabil Hüseynli sülhyaratma prosesi üçün görüşlərin ikitərəfli formatda həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

O, “Report”a açıqlamasında deyib ki, praktika da ikitərəfli görüşlərin daha səmərəli olduğunu sübut edir.

Q.Hüseynli Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlərə diqqət çəkərək vurğulayıb ki, Azərbaycanın vasitəçiyə ehtiyacı yoxdur:

“Prezident İlham Əliyev bir daha bildirdi ki, bizim hansısa vasitəçiyə ehtiyacımız yoxdur, amma kimlərsə sülhyaratma prosesinə kömək etmək istəyirsə, onun da əleyhinə deyilik. Ona görə də bu məsələ ətrafında Ermənistan nə düşür, düşünsün, bizim qərarımız qətidir”.

Siyasi şərhçi həmçinin Ermənistanın özünə himayədar axtardığını da söyləyib:

“Ermənistan Fransaya, Qərb dövlətlərinə söykənərək Azərbaycana təzyiq göstərmək istəyir. Azərbaycan isə bu oyuna getməyəcək. Əgər Ermənistan sülh istəyirsə, Azərbaycan tərəfi ilə əməkdaşlıq etməlidir. Biz onlara ziyanlı bir şey təklif etmirik. Sadəcə olaraq istəmirik ki, kimsə bizim başımızın üstündə durub əmr versin, yaxud da kənardan müdaxilə edərək göstəriş versin. Azərbaycanın buna ehtiyacı yoxdur”.

0.29203391075134