"Sosial ipotekanın şərtlərini daha da sadə və əlçatan etməlidirlər"
Bu gün ölkədə ən ciddi problemlərdən biri gənclərin mənzil ala bilməməsidir. Elə buna görə də xeyli sayda gənc hələ də ailə həyatı qura bilmir, kirayədə yaşayırlar. Bunun yeganə çıxış yolu kredit faizinin aşağı salınması, ipotekanın şərtlərinin sadələşdirilməsidir. Banklar kredit faizlərini aşağı salmalıdır.
Bu sözləri Tribunainfo.az-a prezidentliyə namizəd Fuad Əliyev bildirib. Onun sözlərinə görə bu gün Azərbaycanda minlərlə gənc özünə ev, mənzil ala bilmir, alanlar da 20-25 il kredit ödəmək məcburiyyətində qalırlar:
“Bu kreditin aylıq ödənişi də yüksəkdir, ilkin ödənişi də yüksəkdir və nəticədə 25 yaşlı bir gənc 25 il kredit ödəməklə 50 yaşına gəlib çatır. Bu da onun ömrünün artıq gözəl illərinin itirilməsi deməkdir və 25 il bir gənc ailə kredit ödəyərək əslində kirayədə yaşamış kimi özünü hiss edir.
Hesab edirəm ki, bu məsələlər qabardılmalıdır, bu problemlər artıq tez-tez gündəmə gətirilməlidir və Azərbaycan dövləti, Mərkəzi Bank, ölkədəki banklar bu istiqamətdə addımlar atmalı, müəyyən güzəştli kreditlər verməli, sosial ipotekanın şərtlərini daha da sadə və əlçatan etməlidirlər”.