Respublikanın avtomobil yollarında görünən problem, görünməyən texnikalar - AÇIQLAMA + VİDEO

Yanvar ayının 13-dən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması və buzlaşma respublikanın bəzi avtomobil yollarını iflic edib.

Bakının bir çox küçə və prospektlərində, eləcə də bölgələrə gedən yollarda sürücülər gecə saatlarına kimi buzlaşma səbəbindən yollarda qalıblar. Məsələn, Şamaxı-İsmayıllı avtomobil yolunda, xüsusən Ağsu aşırımı istiqamətində güclü qar səbəbindən hərəkət intensivliyinin həddən artıq azalması uzun tıxaclara səbəb olub.

Sosial şəbəkələrdə bir çox yolların qardan təmizlənməməsi, sakinlərin yola qutu-qutu duz səpmələri və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının yolu primitiv üsullarla təmizlədiklərini əks etdirən şəkillər və videomateriallar paylaşılsa da, məsələyə cavabdeh olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qurumun öz üzərinə düşən işi gördüyünü, yollarda lazımi işlərin aparıldığını vurğulayıb.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Bakunews.media-ın sorğusuna cavab olaraq bildirib ki, şənbə günündən bazar gününə keçən gecə və səhər saatlarında AAYDA-nın aidiyyəti strukturları gücləndirilmiş iş rejimində çalışıblar:

“Bakı şəhərinin əsas yol və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər davam etdirilib.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilib.

İctimaiyyəti yollardakı vəziyyət barədə məlumatlandırmaq üçün görülən işlərlə bağlı agentliyin “Facebook”, “Instagram” və “Telegram” sosial şəbəkə hesablarında məlumatlar paylaşılıb”.

Əzizə İsmayılova

2.514673948288