Paytaxtın hansı ərazilərində beş mərtəbədən hündür bina tikməyə İCAZƏ VERİLMƏYƏCƏK? - ARAŞDIRMA

Bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sədri Anar Quliyev tarixi binaların üstünlük təşkil etdiyi ərazilərin qorunub-saxlanılacağı ilə bağlı bəzi açıqlamalar verdi.

Xüsusi mühafizə olunan 1 000 hektardan çox ərazidə hündürlüyü beş mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcəyini söyləyən DŞAK sədri həmin ərazilərdə tarixi abidələrin sıxlığının nəzərə alındığını və tikintiyə məhdudiyyət qoyulduğunu da diqqətə çatdırıb.

Onun sözlərinə görə, xüsusilə şəhərin mərkəzində tarixi-mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.

Baş Planda nələr əks olunub?

Qeyd edək ki, Bakı şəhərinin yeni Baş Planında da tarixi ərazilərin mühafizə olunacağı və orada çoxmərtəbəli binaların tikintisinin qarşısının alınacağı birmənalı şəkildə təsbit olunub.

Sənəddə mühüm əhəmiyyətə malik mərkəzi ərazilərin, yəni şəhər nüvəsini əhatə edən Bakının Mərkəzi Planlaşdırma Rayonunun konkret sərhədləri əks olunub. Şəhərin tarixi simasına xələl gətirməmək məqsədilə həmin rayonun hüdudları daxilində yerləşən ərazilərdə aparılacaq gələcək inkişaf tədbirləri üzrə müəyyən qaydaların tətbiqi nəzərdə tutulur.

Bu ərazilər hansılardır?

Xüsusi mühafizə zonasının ərazisi şəhərin mərkəzi hissəsini əhatə edir. Daha dəqiq desək, Kövkəb Səfərəliyeva, Salatın Əsgərova küçələri, Dənizkənarı Bulvardan Bayraq meydanına qədər olan ərazi xüsusi mühafizə zonasına daxil edilib.

Bura tarixi bina və abidələrlə müasir memarlıq üslubundakı tikililərin ahəngi ilə səciyyələnir və daxilində yeni inkişaf əraziləri (nöqtəvi inkişaf imkanları və ya köhnə sənaye əraziləri), habelə mədəni və tarixi irsin qorunması imkanları (konservasiya və ya bərpa) inkişafın şəhərin tarixi simasının və canlılığının qorunaraq həyata keçirilməsi baxımından əsas rol oynayır.

Mövzu ilə bağlı fikirlərini Bizim.media-ya açıqlayan memar Cahid Həsənov əvvəlki dövrlərdən fərqli olaraq, yeni təqdim olunan Baş Planda Bakının gələcək simasının ətraflı əks olunduğunu diqqətə çatdırıb:

“Xüsusilə də beşmərtəbəli binaların olduğu ərazilərin qorunması ilə bağlı məsələlərin qeyd olunması çox mühümdür. Bir neçə il əvvələ qədər paytaxtın tarixi-memarlıq ansamblları vardı. Ancaq onların yaxınlığında 15-18 mərtəbəli binaların inşa edilməsi ilə istər məhəllə daxilində, istərsə də şəhərin ümumi planı çərçivəsində vizual görüntü pozuldu”.

Dünyada tarixi binalar belə qorunur, amma bizdə...

Memarın sözlərinə görə, bir çox ölkələrdə tarixi-memarlıq abidələrinin və binalarının qorunması sahəsində böyük təcrübə əldə edilib:

“Həmin ölkələrdə turistləri cəlb etmək üçün belə binaları və abidələri qoruyur, restavrasiya edirlər. Üstəlik, onlarla bağlı reklam videoçarxları hazırlayır və turistlərə təqdim edirlər. Onlar da bu videolara baxmaqla, binalar və ya abidələrlə bağlı ətraflı məlumat əldə edirlər.

Bizdə isə Bakının bütün nöqtələrində qədim və tarixi binalar kifayət qədərdir və bundan istifadə etməklə, xeyli sayda turist cəlb etmək olar. Amma bir çoxunun yaxınlığında və ya ətrafında 9-18 mərtəbə arasında hündür binalar inşa ediblər. Bununla da həmin abidələr vizual baxımdan öz qədimiliyini, əhəmiyyətini itirir və artıq əvvəlki kimi turist cəlb etmək olmur”.

Müsahibimizin sözlərinə görə, yeni Baş Plan bu cür halların qarşısını almaq üçün hazırlanıb:

“Əsas məqsəd - tarixi binaların və abidələrin olduğu ərazilərin vizual görüntüsünün və qədimiliyinin qorunub-saxlanılmasıdır. Təbii ki, şəhər yenilənməli, müasirləşməli və modern üslubda binalar tikilməlidir. DŞAK da problemə bu kontekstdən yanaşaraq, tarixi əraziləri təyin etməyə başlayıb. Yerli icra hakimiyyəti orqanları da belə yerlərdə özəl sahibkarların çoxmərtəbəli binalar tikməsinə sərəncam verə bilməyəcək”.

6.6273829936981