Azad olunmuş ərazilərdə məişət tullantıları poliqonları yaradılacaq
Şuşa, Xocalı, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Tərtər rayonlarında məişət tullantıları poliqonlarının inşası nəzərdə tutulur.
“Report”un məlumatına görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə tullantıların idarəedilməsi ilə əlaqədar keçirilən ictimai dinləmədə məlumat verilib.
Agentliyin sədri Mirsalam Qəmbərov qeyd edib ki, azad olunmuş ərazilərdə ən böyük poliqon Ağdam şəhərində yaradılacaq:
“Ümumilikdə, yeddi tullantı poliqonunun və iki ötürücü məntəqənin inşası nəzərdə tutulur. Ağdam tullantı poliqonu 15 ha, Şuşa (Xocalı), Laçın və Kəlbəcər poliqonları hər biri 10 ha, Qubadlı, Cəbrayıl, Tərtər və Füzuli poliqonları isə hər biri beş ha ərazidə inşa ediləcək. Zəngilanda isə 10 ha ərazidə ötürücü məntəqənin inşası nəzərdə tutulur”.
M.Qəmbərov qeyd edib ki, tullantıların idarəedilməsi özü də dünyada biznes nümunəsi kimi dəyərləndirilir:
“Ona görə tullantıların təkrar emalı, xammal kimi istifadəyə hazırlanması vacibdir. Azad edilmiş ərazilərdə tullantıların idarəolunmasına da eyni prinsiplə yanaşmaq vacibdir”.