Füzuli sakini: “Evimizin bir eyvanından erməni vandalizmini, digərindən isə abad şəhəri görürük” - FOTO
Yenidən qurulan Füzuli şəhərində həyat öz axarına qayıdır. Şəhərdə artıq 410 ailə olmaqla, 1 519 nəfərin daimi məskunlaşması təmin edilib. Ailələr üçün yenidən inşa olunan binalarda yaşayış üçün hər cür şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbirinin Füzuli şəhərinə səfəri ilə bağlı qeydlərini təqdim edirik.
2020-ci ildə, Vətən müharibəsində Azərbaycan Ordusunun qələbə qazandığı Zəfər yolu ilə irəliləyirik. Ətrafda erməni işğalı dövründə qurulan istehkamlar, minalı sahələr, erməni vandalizmi nəticəsində dağıdılan kəndlər, viran qoyulan yurd yerləri görünür. Nəhayət, Füzuli şəhərinə çatırıq, köhnə şəhər mərkəzi viran qoyub, yolun digər tərəfində isə yenidən ucalan binalar diqqət çəkir.
Artıq həyatın qayıtdığı Füzulidə uşaqların sevinc səsləri eşidilir. Məhəllə ilə irəliləyərkən sakinlərdən birinə yaxınlaşırıq. Rəna Hümbətova Füzulidən yeddi yaşında çıxıb, ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşayıb. 1994-cü ildə uğurlu Horadiz əməliyyatı zamanı azad olunan kəndlərdən birinə qayıdaraq orada məskunlaşıblar. Deyir ki, 2020-ci ildə digər torpaqlarımızla yanaşı, Füzulinin də azad edilməsini toy-bayram kimi qarşılayıblar.
Rəna Hümbətova Füzuli şəhərinin bərpasına başlanıldıqdan sonra peşəsi üzrə fəaliyyətini burada davam etdirmək qərarına gəlib:
“Bu yerlərə yaşadığımız kənddən həsrətlə baxırdıq, qayıdacağımız günü gözləyirdik. Nəhayət qəhrəman ordumuz tarixi Qələbə qazandı. İndi Füzuli şəhəri bərpa olunur. Fəaliyyətimi buradakı məktəbdə davam etdirmək üçün müraciət etdim və hazırda Füzuli şəhər məktəbində çalışıram. Məktəb illərində şagirdlərimə torpaqlarımızın işğal tarixləri barədə dərs keçmək çox çətin idi. Amma indi azad Füzulidə şagirdlərə işğal tarixindən deyil, Zəfər yürüşündən, torpaqlarımızın qəhrəman oğulların sayəsində azad edilməsindən danışırıq. Bu, bizə böyük qürur verir”.
Füzuli şəhərində məskunlaşan sakinlərdən biri də həyat yoldaşı ilə doğma şəhərinə qayıdan Nazilə Əliyevadır. O, 1958-ci ildə Füzuli şəhərində dünyaya göz açıb və ailəsi birlikdə mərkəzi küçələrdən olan Qaqarin küçəsində yaşayıb. Doğma şəhəri ilə bağlı xoş xatirələri olsa da, sonuncu dəfə Füzulidən top səsləri altında çıxmalı olublar.
“Füzuli Qarabağın dilbər guşələrindən biridir. Çox gözəl günlərimiz olub burada, amma işğal arzularımızı yarımçıq qoydu, darmadağın xəyallarla məcburi köçkün düşdük... 1992-ci il martın 16-da ermənilər Füzulini, dinc əhalini top atəşinə tutmağa başladılar və biz bir il mərmi səsləri altında yaşamalı olduq. Lakin 1993-cü ildə doğma elimizi tərk etməyə məcbur qaldıq. İki körpə qız övladım və həyat yoldaşımla birlikdə çətin anlar yaşadıq. Düzdür, bizə dövlətimiz tərəfindən qayğı və diqqət göstərildi, amma yurd həsrəti ilə yaşamaq bizə mənəvi əziyyət verirdi. Nəhayət, Zəfər bizə qismət oldu, qələbə sevinci yaşadıq. Döyüşlərin ən qızğın getdiyi bu yerlərdə minlərlə şəhidimizin qanı axıb, ona görə bu torpaqlar bizim üçün and yeridir”, - deyir Nazilə xanım.
Füzuliyə, yenidən qurulan şəhərə sevinc göz yaşları ilə qayıdan həmsöhbətimiz burada dövlətimiz tərəfindən hər şəraiti olan ikiotaqlı evlə təmin edilib:
“Evimizin iki eyvanı var. Bir tərəfə baxanda Füzulidə erməni vandalizminin izlərini görürük. Uşaqlıq illərimin şən keçdiyi o məhəllə artıq viran olub, gəlin köçdüyüm evimiz dağıdılıb. Amma digər tərəfə uşaqların sevinc dolu səslərini eşidir, baxanda abad şəhəri, həyatın yenidən canlanmağını görürəm”.
Yusif Əliyev də Füzuli şəhər sakinidir, 1947-ci ildə burada dünyaya göz açıb. Erməni işğalı zamanı doğma yurdundan didərgin düşüb. 76 yaşında Füzuli şəhərinə qayıdanda isə yeni, firavan həyata başladığını hiss edib.
“30 ildən sonra işğaldan azad edilən şəhərimizə qayıdanda yolboyu ermənilərin bizim evləri sökərək səngər qazdıqlarını, istehkam düzəltdiklərini, sahələri necə minaladıqlarını gördükdə dəhşətə gəldim. Həmin an düşündüm ki, güclü ordumuz, qəhrəman oğullarımız bu çətin relyefdə düşmənin illərdir nəzarətində olan əraziləri necə azad ediblər?.. Şəhərimizə çatdıqda isə yeni qurulan Füzuli məni heyrətə gətirdi. Dövlətimiz qısa müddətdə bizim üçün yeni binalar inşa edib, bütün infrastruktur yaradılıb, qardaş Özbəkistan tərəfindən şəhərimizdə tam müasir yeni məktəb binası inşa olunub. Həmçinin, istirahət parkı, uşaqların əyləncəsi üçün meydançalar yaradılıb. Evlərimiz də tam müasir standartlara uyğun inşa olunub, istilik, elektrik enerjisində kəsilmə yoxdur. Bizə bu xoşbəxt günləri bəxş edən şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzu edirəm”, - deyə Yusif Əliyev düşüncələrini bizimlə paylaşır.
Qeyd edək ki, yaxın günlərdə Füzuliyə ailələrin köçürülməsi davam etdiriləcək. Hazırda bu şəhərdə yeni binaların tikintisi sürətlə davam edir.