Gəncədə məktəblinin bıçaqlanması ilə bağlı: Əsəbi halda şagirdlərlə mübahisə edib - YENİLƏNİB + FOTO

Bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı bəzi detallar məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov “Qafqazinfo”ya bildirib ki, qətl törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü F,Şabanov hadisədən əvvəl məktəbə daxil olmağa çalışıb: “Lakin məktəbin məsul şəxsləri onun məktəb binasına daxil olmasına icazə verməyiblər.

O, məktəbdən çıxarılarkən əsəbi halda şagirdlərlə mübahisə edib. Həmin vaxt dərsə gələn şagird Rəhimov Raul Bəxtiyar oğlu ilə də arasında münaqişə yaranıb. Mübahisə zamanı kənar şəxs Raul Rəhimova bıçaq xəsarəti yetirib”.

İdarə rəsmisi bildirib ki, F.Şabanov 10-cu sinifdə təhsilini yarımçıq dayandırıb: “O, valideynin ərizəsi əsasında orta məktəbdəki təhsilini dayandırıb və ondan sonra heç bir məktəbdə təhsilinə davam etməyib”.

Qeyd edək ki, 2022-ci ilin aprel ayında da Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə şagird qızlardan biri sinif yoldaşını bıçaqlayıb.

11:21

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bakunews.media-a açıqlamasında bildirib ki, məlumatla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

11:10

Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə davamiyyəti yaxşı olub.

“Report”un Qərb bürosunun məlumatına görə, o, səhər saatlarında dərsə gedən zaman məktəbin qarşısında bir bıçaq zərbəsi ilə ağır xəsarət alıb.

Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8 nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb. Hadisəni törədən şəxsin digər məktəblərdən birində oxuduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidməti sözügedən hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, Gəncədə məktəbin önündə şagirdin bıçaqlanması faktı ilə əlaqədar cinayət işi açılıb:

“Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək”.

10:00

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov təhsil müəssisəsinin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakunews.media-a bildirilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, orada vəfat edib. 

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

0.28138494491577