Şirvanda zavodda partlayış: Yaralıların adları açıqlandı - YENİLƏNİB
Şirvanda zavodda baş vermiş partlayış zamanı üç nəfər xəsarət alıb.
Bu barədə Bakunews.media-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd olunur ki, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Şirvan Araz zavodu” MMC-də partlayış baş verməsi şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla hadisə nəticəsində üç nəfərin - 1992-ci il təvəllüdlü Elçin Cahangir oğlu Babayev, 2001-ci il təvəllüdlü İsmayıl İntiqam oğlu Muradov və 1999-cu il təvəllüdlü Məhəmməd İlham oğlu İmanovun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
“Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunur.
16:15
“Şirvan Araz zavodu” MMC-də istehsalat qəzası baş verib”.
Bu barədə Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun iki əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Ambulator müalicə alan hər iki əməkdaş özünü yaxşı hiss etdiyini bildirib.
15:45
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış baş verib.
Bakunews.media-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində yaralıların olduğu bildirilir.
Müdafiə Sənayesi Nazirliyindən Bakunews.media-a bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.
Əzizə İsmayılova, Nəzrin Vahid