Bibisi oğlunu kürəyindən bıçaqlayan şəxs: “Dedim ki, kəlmeyi-şəhadət gətir”
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Yalçın Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 14 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Yalçın Yaşar oğlu Hacıyev Suraxanı rayonunun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu, 1966-cı il təvəllüdlü Elşən Kamil oğlu Yaqubov ilə aralarında yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla onun qarın və kürək nahiyəsindən bıçaqlayıb.
Yalçın Həsənovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
İttihama əsasən, Yalçın Həsənov daha əvvəl xuliqanlıq əməli törətdiyinə görə məhkum olunub. 2022-ci ilin oktyabr ayında azadlığa çıxdıqdan sonra həmin vaxtdan bibisi oğlu, zərərçəkmiş Elşən Yaqubov ona öz evində yaşamağa icazə verib. Daha sonra Yalçın evə sərxoş vəziyyətdə gəldiyi üçün Elşən onu evdən qovub. O, 24 mart 2023-cü il tarixində saat 19 radələrində orta sərxoşluq vəziyyətində yenidən Elşəngilin evinə gəlib, mətbəxdən bıçaq götürüb, həmin vaxt evdə olmayan zərərçəkmiş şəxsin gəlişini gözləyib. Elşən evə gəldikdən sonra ondan hansı səbəbə gəlməsini etirazlı şəkildə soruşmaqla fərdi yaşayış evinin həyətində yerləşən hamam otağına doğru hərəkət edib. Təqsirləndirilən şəxs də onun ardınca hamam otağına gedib, qapını örtüb. O, zərərçəkmiş şəxsə kəlmeyi-şəhadət gətirməsini deyərək, bibisi oğluna bir neçə bıçaq zərbəsi vurub.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra Yalçın Həsənov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.