Əməkdar artist: “Kimsə cazibədar görünürsə, ona aktrisa kimi baxmağa çalışırlar” - MÜSAHİBƏ + FOTO

“Yaxşısı budur, boynunuza alın ki, dünyanın damda yaşayan ağıllı Karlsonu sizdən daha çox dünyagörüşünə malikdir” – uşaqlığım bu cümlə ilə, onun imitasiyası ilə keçib. Şübhəsiz, o zaman heç vaxt ağlıma gəlməzdi ki, bu sözləri deyən qəhrəmanı nə vaxtsa müsahib kimi qənşərimdə oturdub sorğu-sual edərəm. Amma qismət.

O qismət yağışlı bir günə təsadüf edir. Vədələşdiyimiz vaxta 5 dəqiqə qalmış telefonuma zəng gəlir.

“Mən sizi dayanacaqda gözləyirəm”, - deyir. Danışığımız yekunlaşar-yekunlaşmaz qəhrəmanımla üzbəüz dayanırıq. Orada etiraf etməsəm də, – gərək ki məni bağışlasın, yazıya xəyanət etmək olmaz, – bir xeyli qocaldığını görürəm. Bu qocalıq, bu ağ saçlar həm də mənim artıq uşaq olmadığımın, yetkin adam olmağımın tərs şillə effekti idi.

Yaxınlıqdakı söhbət edə biləcəyimiz məkanlardan birinə gedə-gedə fotoqrafımız özünü mənə çatdırır:

- Mən bu aktyoru tanıyıram, - deyir, - dilimin ucundadır e adı, ay da... - bir xeyli düşünür.

- İçəri keçənə qədər sənə vaxt verirəm, düşün, - deyirəm.

Fotoqrafımız bir də müsahibənin əvvəllərində mənə yaxınlaşır və qulağıma astadan pıçıldayır:

- Karslon, AzTV-dəki Karlson...

Əməkdar artist Arzu Hüseynovun APA-ya müsahibəsini təqdim edirik:

- Sizinlə telefon danışığımız zamanı jurnalistəm deyəndə qəribə reaksiya verdiniz. Elə bil jurnalistlərdən inciksiniz.

- Yox, jurnalistlərdən incikliyim yoxdur. Sağ olun ki, hər zaman mənimlə maraqlanırsınız. Mənim küskünlüyüm, demək də yaxşı çıxmır, rejissorlardandır. Bilirsən, aktyoru rejissor çağırmırsa, vəssalam, yatıb qalır. Məni də çağırmırlar. Bu, dəhşətdir. Əvvəllər hərdənbir də olsa, dəvətlər olurdu. Pandemiya düşəndən sonra isə, ümumiyyətlə, bitdi, bir növ, mənim kitabım bağlandı.

- Hazırda nə işlə məşğulsunuz?

- Özümün “Facebook” və “YouTube” səhifələrim var, onlar üçün balaca videolar çəkirəm, vəssalam.

- Orada qazanc yoxdur axı.

- Əlbəttə yoxdur. Amma mən bu sənətsiz yaşaya bilmərəm. Boğuluram. Mənə çətindir.

- O sizin sənət ehtiyacınızı ödəyir, bəs maddi?

- Əlbəttə, ödəmir. Mən nə edə bilərəm? Sponsor da yoxdur. Bu, sadəcə təsəllidir.

- Niyə rejissorlar Arzu Hüseynovu kəşf edə bilmədilər?

- Mən məəttəl qalmışam. Bu sual ətrafında çox fikirləşmişəm. Hətta özlərinə də deyirəm, cavab verirlər ki, sizə uyğun rol olan kimi dəvət edəcəyik.

- Siz özünüzü necə xarakterizə edirsiniz?

- Mən həm dram oynamışam, həm də komediya. Düzdür, sənətə komediya ilə gəlmişəm, amma mənim üçün, dolayısı ilə aktyor üçün bunun fərqi olmur.

- Və sonralar Vaqif Mustafayev sizi gördü.

- Bəli, Vaqif Mustafayev məni 4 filminə çəkib.

- Vaqif Mustafayevlə işləmək necədir?

- Çox əla. Mən çox məmnunam. O çox tələbkardır. Tək aktyora qarşı deyil, hamıya qarşıdır bu tələbkarlıq. Hətta yadımdadır, “Yoxlama” filminin çəkilişləri zamanı rəssamla əməlli-başlı dalaşdı. Səhnə üçün nəsə suvenir lazım idi. Vaqif Mustafayevin dediyi suvenirdən almamışdı rəssam. O da irad tutdu ki, sən niyə mən deyəni almamısan? Bu qədər detalları belə o düşünür, üstünə düşür. Ən adi külqabıya qədər, onun rənginə, quruluşuna qədər. Görünür, bu şeylərə görə kimlərsə ondan şikayətçidir. Amma Vaqif Mustafayev bu işin bilicisidir.

- Arzu müəllim, Xalq artisti Qurban İsmayılov da uzun müddət rejissorların diqqətindən kənarda qalmışdı. Amma 45-50 yaşından sonra bir növ kəşf edildi...

- Mənim artıq 61 yaşım var.

- Yəni heç ümidiniz yoxdur?

- Yoxdur. Bunun üçün, hesab edirəm ki, çox gecdir. Bilirsən, rejissorların çoxu elə bilir ki, məsələn, mən hər hansısa ata rolunu ifa edə bilmərəm.

- Necə yəni? Niyə?

- Nə bilim?! Amma düşüncə budur. Hətta bir dəfə o rejissorların biri ilə təsadüfən həmsöhbət olanda serialların birindən kadr gördük. Mənə dedi ki, bax, sən belə oynaya bilərsən? Dedim, canını da alaram, niyə oynamıram ki?!

Mənim ilk işim uşaqlarla bağlı olub. “Tənbəl Əhməd”, “Nərbala”, “Karlson”. Bu üç obraz hamının yaddaşında elə yer edib ki, elə düşünürlər, ciddi rollar mənlik deyil, mən onları oynaya bilmərəm.

- Oxşar problemi Əməkdar artist Valeh Kərimov da yaşayır. Bir ara şikayətlənirdi ki, hansı teatra gedirəm, deyirlər, sən “Moşu”san, sənə nə rol verək?

- Bəli, eyni aqibət mənim də taleyimə yazılıb. Yaratdığım obrazlar sanki məni məhv edib. Elə bil ki, həm tanıtdılar məni, həm da karyerama əngəl törətdilər. O vaxt televiziyalardan birinə müraciət etdim, dedim ki, əlimdə filan layihə var. Mənə cavabı bu oldu ki, “Arzu müəllim, siz “Karlson”sunuz, onu oynamısınız, mən sizin sir-sifətinizi necə dəyişim? Siz nə oynasanız, sizi necə təqdim etsək də, xeyri olmaz, siz “Karlson”sunuz”. Mən razılaşmadım, təbii. Bunun mümkün olduğunu dedim. Aktyorun işi obrazdan-obraza girməkdir. Ssenari, dialoqlar obrazı təqdim edir, onun üzü yox. Sənin hirsin, qəzəbin, gülüşün, mimika və jestlərin obrazdan obraza salır səni. Heç kəs mən hansısa əsəbi bir xarakteri canlandırmağım zamanı deməz ki, buna bax, “Karlson” əsəbiləşib.

Bir dəfə hansısa filmin çəkilişləri idi, İrandan rejissorlar da gəlmişdi. İnanın, o qədər aktyor içində təkcə məni göstərdilər ki, bu adam obrazını çox sərrast canlandırdı. Halal olsun. Onlar heç mənim “Karlson” obrazımdan xəbərdar deyildilər.

- Yaxşı bəs, sadaladığımız obrazların sizin sonrakı karyeranıza neqativ təsirinə görə nə vaxtsa peşman olmusunuz?

- Nə bilim, vallah. Bu barədə heç düşünməmişəm.

- İndi düşünək. Baxın, oturub üzbəüz söhbət edirik. O obrazların sizin kino karyeranıza təsirindən danışdıq. Peşmanlıq duydunuz heç?

- Tutaq ki, oynamazdım. Hə? Məni çəkəcəkdilər? Bunu bilmirəm axı. Heç cür təxmin edə bilmirəm.

- Ən azından, televiziyalardan birinə layihə aparanda redaktor sizə deməzdi ki, siz Karlson”sunuz, sizi necə dəyişək. Yox?

- Bilmirəm. Aktyor nə iləsə yadda qalmalıdır da. Bu, normaldır.

- Atanız Sadıq Hüseynov da təxminən oxşar taleyi yaşayıb. O sizdən bir az çox filmə çəkilib, düzdür, amma onu da tamaşaçı Savalan baba” qiyafəsində tanıyıb.

- Düzdür, atam məndən çox filmə çəkilib. Əsas rol olmasa da, yaddaqalan rolları var. Məsələn, təkcə “Axırıncı aşırım”da “Səməd kişi” rolu. O filmin adı çəkilən kimi “Qəmlo” ilə “Səməd kişi”nin səhnəsi yada düşür. Başqa nə qədər filmi var ki, efirə çox da getmir. Belə filmlər çoxdur. Yayımlanmır.

- Arzu müəllim, siz, atanız, Adışirin Bağırov, Allahverdi Yolçuyev... Hələ siyahını bir az da uzatmaq olar. Fikir verin, bu adları çəkilənləri tamaşaçı daha çox televiziyadan tanıyıb. Və onlar bundan sonra həmişə filmdən uzaq düşüblər.

- Mənə elə gəlir ki, bunun səbəbi qısqanclıqdır.

- Kim kimi qısqanır?

- Rejissorlar məhz bu adamları qısqanırlar. Məqsəd odur ki, AzTV-nin tanıtdığı aktyorları yox, özlərinin tapıb ortaya çıxardıqları aktyorlara rol versinlər. Məsələn, bayaq ad çəkdiniz, Qurban İsmayılov. Onunla həm Gənclər, həm də Xalq teatrında bir yerdə oynamışıq. Bax elə aktyorları rejissorlar kəşf etməkdə maraqlı olurlar. Bizi, adlarını çəkdiklərini telekanal kəşf edib deyə, onlara dəyməmək fikrində olurlar. Hətta bir ara özəl kanallarda belə aktyor yetişdirirdilər. Rəhmətlik Oqtay Əliyev öz yaratdığı prodakşında aktyor yetişdirdiyini deyirdi. 6 aylıq kursla aktyor, aktrisa olmaq olar? Olmaz axı. Adamın bir az yaraşıqlı, cazibədar görünüşü olarsa, ona artıq aktyor, aktrisa kimi baxmağa çalışırlar. Belə şey olar? Yaxşı bəs, Mədəniyyət və İncəsənət Universiteti niyə var? Oradakı müəllimlər nəyə işləyir orada? Hansısa kanalda, prodakşında bir neçə aylıq kursla aktyor, aktrisa yetişər? Bu, faciədir. Bu, bədbəxtlikdir. Aktyoru onun şəklinə, gözəlliyinə baxaraq rola seçirlər. Halbuki ağzı söz tutmur. Onlar artist yox, artistciklərdir. Küçədən adamı tut gətir, mətni ver, sənə əzbərləyib danışsın. Bunu hamı bacarar. Amma vəziyyəti ifadə etmək, bu, aktyorun, aktrisanın işidir.

- Aktyor olmağınızda atanızın rolu nə dərəcədə olub?

- Düzü, aktyor olmağımı istəmirdi. Amma gördü ki, istedadım var, ona görə də mane olmadı. “Savalan baba” obrazını oynayan zaman ona dedim ki, o proqramda mən də bir obraz yaradım. Onunla yanaşı Allahverdi Yolçuyev də var idi, “Ovçu Pirim”. Dedi ki, redaktorlara deyərəm, görək nə olur. Cavabları bu olub ki, obraz düşünsün, yaratsın, baxaq. Onda da “Tənbəl Əhmədi” düşündüm, yazdım, apardıb verdim. Bəyənildi.

- “Tənbəl Əhmədi” obrazı ağlınıza necə gəldi bəs?

- Mən ona qədər Bələdiyyə Teatrında işləyirdim. Məndən öncə orada atam işləyirdi. Atama demişdim ki, mən də işləmək istəyirəm. “Tomris” tamaşasında atam vəzir rolunu oynayırdı. Amaliya Pənahova özü rejissorluq edəndə aktyorları bir az yorurdu. Rejimi ağır idi. Atam bu rejimə dözmədi, nəticədə teatrdan ayrıldı. Üstəgəl, televiziyada, radioda, dublyajda da işləri var idi, çatdırmırdı. Atam mənə dedi ki, teatra get, mənim adımı ver, səni bir yoxlasınlar. Elə də oldu. Amaliya xanım mənə şans verdi. “Nadir şah” tamaşasında “Fərraş” rolunu verdilər. Qapıçı rolu idi, ona pul verirlər ki, qapını açıq qoysun, girib şahı öldürsünlər. Elə də olur. Xırda bir səhnə idi, kifayət qədər yaxşı oynadım, bəyəndilər. Ondan sonra mənə “elçi” rolunu da verdilər. Eyni tamaşada iki rolu oynadım. Nəticədə, teatra götürdülər məni. 2007-ci ilə qədər orada işləmişəm. Hə, orada uşaqlarla bağlı bir layihə var idi. Tənbəl bir obraz yaradılmışdı. Gözümün qabağında olub. Televiziyadan da təklif gələndə o yadıma düşdü, oxuduğum nağıllar yadıma düşdü və o obraz yarandı. Bəyəndilər, soruşdular ki, bəs bunu kim oynayacaq? Dedim, mən. Sözün açığı, buna inanmadılar. O vaxt gözümdə problem var idi, eynəkdə idim və üstəlik, az danışan, ciddi görkəmli biri idim. Buna görə də inandırıcı gəlmədi onlara. Eksperiment edəsi oldular, amma dedilər ki, bəyənməsək, bizi bağışla. Çəkildi, özümü tərifləmək kimi çıxmasın, əla oldu. İki efirdən sonra küçədə-bacada “Tənbəl Əhmədi” deyib məni barmaqla göstərirdilər.

- Bəs indi necə? Tanıyırlar?

- O vaxt danışdığımız verilişlərə baxanlar, hə, tanıyırlar. Aktyor kimi tanıyırlar.

- Filmlərdən, teatrdan, lap elə televiziyadan əlinizi üzəndən sonra el şənliklərinə, toylara getdiyiniz olubmu?

- Bəli. Getmişəm, indi getmirəm. Tamada kimi, hətta kloun kimi. Bir vaxtlar isə “Karslon” kimi getmişəm. Haradasa, 2010-cu ilə qədər davamlı getdim.

- Sonra nə oldu?

- İyrəndim. Bilirsən, tamadayam, müğənni gəlir ki, Arzu müəllim, bu gün tamada da mən olacağam, bağışlayın, sizə ehtiyac olmayacaq. Bu da məni iyrəndirdi. Pulu da az verirdilər. 6-7 saatlıq yorğunluğa dəymirdi. Sonra Qədir Həsənov adlı dostum təklif etdi ki, kloun kimi gedək. Və getdik. Bir xeyli bu işlə məşğul olduqdan sonra onu da dayandırdım. Sonra gözümə görə əlillik təyin olundu, hazırda buna görə pensiya alıram.

- Yəni maddi tələbatınızı hazırda bu ödəyir.

- Bu və “Əməkdar artist” adına görə verilən 150 manat. Qızlarım da işləyirlər. 3 övladım var. Bir qızım ərə gedib, onun əri Aprel döyüşlərində şəhid oldu. İki qız nəvəm və qızım onlara verilən evdə yaşayırlar. Digərləri mənimlədir, işləyirlər. Biri kitabxanada, biri arxiv idarəsində. Yaşayırıq. Düzdür, bəzi şeyləri çatdırmaq olmur, amma nə bilim. Mən aktyor sənətindən pul qazana bilmirəm. Dəqiq bildiyim budur.

- Arzu müəllim, yerli kino sahəsi özünün ən pis dövrünü yaşayır. Sualım bir az kobud səslənsə də, verirəm: Sizə dəyər verməyən kinonun indiki vəziyyəti sizi sevindirmir?

- Yox. Qəti. Kino böyük mədəniyyətdir. Kino dövlət üçün, ölkə üçün, xalq üçün böyük təbliğatdır. Kino mədəniyyətin şahıdır. Ölkəni dünyaya kino tanıdır.

Mən sənə deyim, Vaqif Mustafayevin filmindən sonra mən bir neçə filmə də çəkilmişəm. Onlardan birində çox xırda, epizodik bir rolum vardı. O rola baxan Vaqif Mustafayev mənə demişdi ki, sənə o cür, o qədər rol vermişdim, onlardan sonra o nədir ki gedib çəkilmisən? Eldar Quliyev çəkmişdi məni. Dedim, ay Vaqif müəllim, mən nə bilim, məni nəyə çəkəcəklər? Amma, düzü, mən bilirdim ki, böyük rol deyil. Filmin ikinci rejissoru var idi, Akif Rüstəmov, məni o çağırmışdı. Yəni əsas rejissor çağırmırsa, deməli, rolun epizodik olacaq. Sonra “Köpək”də də epizodik rolum olub. Ona da məni Akif Rüstəmov çağırmışdı.

- Bəlkə, aktyor kimi sizinlə işləmək çətindir. Nə düşünürsünüz?

- Mümkün deyil. Hansı rejissor mənə nə deyibsə, sözsüz dərhal yerinə yetirmişəm. Mən rejissora, çəkiliş meydançasında problem yaradacaq aktyor deyiləm, olmamışam.

- Uzun müddət televiziya vasitəsilə tamaşaçı ilə ünsiyyətdə olmusunuz. Müəyyən teatr və kino fəaliyyətiniz də olub. İndiki boşluq, durğunluq sizi darıxdırmır?

- Əlbəttə, darıxıram. Amma mənim əlimdən nə gəlir ki? Rejissora müraciət edə bilərəm, etmişəm, amma cavabı bayaq dedim: sizə uyğun rol olarsa, zəng edəcəyik.

Bunu deyə-deyə yavaş-yavaş masadan qalxırıq. “Mən çoxdandır, işləmirəm e, oturmaq məni daha da tənbəlləşdirir. Dur bir az da gəzək”, - deyir.

- Zamanında yoldaşlıq etdiyiniz aktyorlar necə, onlarla əlaqəniz var?

- Onlarlıq da bir şey yoxdur, düzü. Amma elə adamlar da var ki, adım gələndə deyiblər ki, yox, onu çağırma.

- Amma yoldaşlıq etmisiniz.

- İşin tələbi hə. Belə ümumi yox, təbii. Mənim əsl yoldaşlıq etdiyim 3-4 adam olub ki, onlar da mənim günümdədirlər. Belə...

Bu vaxt Arzu müəllimin telefonuna zəng gəlir. Söhbətimizin də yekunlaşdığını nəzərə alsaq, onunla sağollaşmaqdan yana oluram. “Mən elə bax bu yaxınlıqda oluram. Nə vaxt istəsən, qonaq ol”, - deyib bizdən uzaqlaşır.

Fotoqrafımız soruşur:

- Yenə də Karslon ola bilməz ki?

- Nə bilim, əşi, indiki uşaqlara bu maraqlıdır?

Fotoqrafımız nədənsə susur.

Parkın sonuna çatırıq ki, yaxınlıqdakı polis əməkdaşlarından biri yaxınlaşıb bizimlə görüşür.

- Bayaqdan baxıram, o kişi, - əli ilə Arzu Hüseynovun getdiyi yolu göstərir,- o vaxt uşaq verilişlərindəki adam deyil?

- Odur, rəis, - bir ağızdan deyirik.

Təəssüf qarışıq sevinclə dillənir:

- Hə, bizim uşaqlığımız...

0.1114399433136