Bakıda 1930-cu ilə aid olan abidədə razılaşdırılmamış tikinti işləri dayandırılıb - VİDEO

Havanın soyuq olmasına baxmayaraq, qarlı havada Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evində təmir işləri aparılır.

Bakunews.media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözügedən ərazidə monitorinq aparıb.

“24 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 93 ünvanında 1930-cu ilə aid olan yerli əhəmiyyətli memarlıq abidəsində (Şamama Ələsgərova adına 5 saylı kliniki doğum evinin binası) şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib. Məlumat üçün bildiririk ki, bir müddət öncə qeyd etdiyimiz kimi binada qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılışdırılmamış əsaslı təmir və yenidənqurma işlərinin aparılması faktı aşkarlanıb və işlər dayandırılıb. Lakin həmin ünvanda bu gün yenidən özbaşına tikinti işlərinin aparılması faktı ilə bağlı müraciət daxil olub və həmin işlər baş idarə tərəfindən müvafiq xəbərdarlıq edilərək 24 yanvar 2024-cü il tarixində yenidən dayandırılıb. Fakt üzrə eyni zamanda aidiyyəti dövlət orqanlarına, həmçinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə qanunvericilik tələblərinə riayət edilməsi və lazımi tədbirlərin görülməsinin təmin edilməsi üçün bir daha məktublar ünvanlanaraq müvafiq məlumatlar verilib”, - deyə komitə qeyd edib.

 

0.11179304122925