Bakıda fərqli yerlərdə yaşayan sakinlər eyni ünvanda qeydiyyatdadırlar? - İDDİA + VİDEO
Bakıda bir neçə fərqli yerdə və mənzildə yaşayan sakinlər eyni ünvanda qeydiyyatdadırlar. Bu isə onlara sənədləşmə işində, əmlak alqı-satqısında, hətta ünvana taksi çağıranda belə, ciddi problem yaradır.
Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonu, Zığ yolu ərazisində yaşayan sakinlərdən gedir.
Burada bir neçə fərqli ünvanda yerləşən binaların adı və nömrəsi eynidir.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu evlərin nömrələri köhnə qaydalarla verildiyi və vətəndaşın çıxarışı olmadığı üçün ünvanların təyini zamanı uyğunsuzluğa yol verilib.
Vətəndaşların çıxarışlarının olmaması bu kimi problemlərə yol açıb. Yeni ünvanvermə konsepsiyasına müvafiq olaraq, vətəndaş çıxarış almaq üçün mövcud sənədlər və şəxsiyyət vəsiqəsi ilə “ASAN xidmət” mərkəzinə yaxınlaşmalıdır. Şəxsin müraciətinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılacaq. Yeni ünvan verildiyi zaman digər problemlər də ortadan qalxacaq və onlar bütün hüquqlarından istifadə edə biləcəklər.
Ekspertlərin sözlərinə görə, qanunla vətəndaşın keçmiş ünvanının çıxarışı olmasa belə, qeydiyyatdan çıxarılma proseduru, ev ünvanının dəyişdirilməsi onların hüquqlarının pozulması deməkdir.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və ya yerli icra hakimiyyəti orqanları onlara yeni ünvanın verilməsini və yaxud həmin ünvana qeydiyyata salınmalarını təmin edə bilər.
Ətraflı süjetdə: