Bakıda üzərində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb - FOTO

Paytaxt ərazisində üzərində qanunsuz olaraq “Makarov” gəzdirən daha bir şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Elxan Vahabov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Ondan bir ədəd “Makarov” markalı tapança, beş ədəd patron və bir ədəd patron darağı aşkar olunaraq götürülüb.

E.Vahabov silahı bir müddət əvvəl əldə etdiyini, amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.

0.060787916183472