FIFA referisi: “Zirə”nin narazı olduğu epizodlar oyunların nəticələrinə təsir edib” - VİDEO

“Qeyd olunan epizodlar mediada, futbol ictimaiyyətində çox müzakirə edilib, mütləq əksəriyyəti doğru qabardılıb, birbaşa və ya dolayı oyunların nəticələrinə təsir edib”.

Bunu “Report”a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Premyer Liqanın XX turunun “Sabah”la oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında davamlı şəkildə hakim haqsızlığına məruz qaldıqlarını söyləməsinə münasibət bildirərkən deyib.

Süleymanovun fikrincə, penalti, qırmızı vərəqə, hətta topun qapı xəttindən çıxması hakimlik adına sıradan, sadə epizodlardır:

“Referinin bunları görməməsi müxtəlif səbəblərlə ölçülə bilər. Yekun nəticə isə komandaların yersiz xallar itirməsinə gətirib çıxarır. Sponsorlar, klubların himayədarları futbola böyük vəsait ayırırlar, dövlətin hərtərəfli qayğısı var. Belə vəziyyətdə AFFA və PFL Hakimlər Komitəsinə nəzarəti tam olaraq gücləndirməli, klublarla geniş müzakirələr aparılmalıdır”.

FIFA referisi bildirib ki, Premyer Liqada hakim idarəçiliyi ilə bağlı mövcud şərait də qabardılmalıdır:

“Stadionların, ot örtüyünün durumu, təşkilati məsələlərin qaydasında olması, təhlükəsizlik tədbirləri, komandaların bir-birinə nümunəvi davranışı, referilərin üzərində heç bir təzyiqin olmaması, əksər hallarda boş tribunalar, elita hakimlərinin peşəkar statusa qaldırılması, oyun sayından asılı olmayaraq, maaşların ödənilməsi, VAR sisteminin tətbiqi, psixoloji və faktiki olaraq ədalət təmsilçilərinin oyunları yüksək keyfiyyətdə idarə etmələrinə zəmin yaradır. Bunların qeyd olunması çox önəmlidir. Təəssüf ki, belə bir şəraitdə tam əksi baş verir və hakim idarəçiliyində olan problemlər çempionatın ümumi səviyyəsinə, komandaların çıxışına mənfi təsir göstərir.

Emosiyalara, çılğınlığa varmadan, oyunlarda qalmaqallar törətmədən, futbol qanunlarına söykənərək, klubların öz hüquqlarını müdafiə etməsi mütləqdir. Məşqçi və futbolçular özlərini meydanda tənha hiss etməməlidirlər”.

“Neftçi” klubunun sabiq vitse-prezidenti “Zirə”dən başqa “Turan Tovuz” və “Sabah”ın da hakim haqsızlığı ilə bağlı geniş fikir bildirdiyini və bəyanatlar yaydığını xatırladıb:

“Obyektiv şəkildə qeyd olunmalıdır, əksər komandalar zaman-zaman haqsızlıqlarla üzləşməklə yanaşı, bu komandaların lehinə də qərarlar verilib. Bütün bunlar hakimlik sektorunda cərəyan edən mahiyyəti dəyişmir. Səhvlər fərdi deyil, sistematik hal daşıyırsa, deməli, problem hakimlik sisteminin özündə, idarəçilikdə, onlara münasibətdə, daha üst qurumların nəzarət mexanizminin zəifliyindədir. Qeyd olunan problemlər aradan qaldırılmadan kobud hakim səhvlərinin ən azından faiz dərəcəsinin minimuma endirilməsi mümkünsüzdür. Digər vacib faktorlardan biri turnir cədvəlindəki vəziyyət, liderdən fərqli digər komandaların öz aralarında xal fərqinin az olmasıdır. Bu amil məşqçi və futbolçularda əlavə stress yaradırsa, hakimlərin məsuliyyətini daha da artırmalıdır. Əlavə nüanslardan biri nəticəyə birbaşa təsir edən hakim qərarları ilə dolayı təsir epizodlarının bir-birindən fərqləndirilməsidir. Klublar bunları ümumiləşdirəndə, Hakimlər Komitəsinin rəhbəri Barış Şimşəyin “özünümüdafiə” manevrlərini genişləndirmiş, gücləndirmiş olurlar. Qərəzin olması ciddi ittihamdır və sübuta yetirilməlidir. Fakt odur ki, eyni komandaların əleyhinə yanlış qərarlar çoxluq təşkil edirsə, araşdırılmalıdır”.

“Çempionat ən gərgin dövrünə qədəm qoyur, finişə doğru yaxınlaşır və hər xal komandalar üçün taleyüklü əhəmiyyət kəsb edir. Qarşıdan AFFA-nın Hesabat-seçki Konfransı gəlir. Azərbaycan futbolunun dirçəlişi istənilirsə, istiqamət bu yöndə olmalıdır. Şəxsi mənafe, pərdəarxası olaylara son qoyulmalı, mübarizə obyektiv olaraq yaşıl meydanlarda aparılmalıdır. Barış Şimşək VAR təlimatçısıdır, ən azından referi-VAR sinxronluğu, oyunlara ədalətli yanaşma təmin edilməlidir. Bunun üçün ictimai nəzarət daha da gücləndirilməli, pərakəndə yox, nəzarət sistemi vahid mərkəzdən idarə olunmalıdır. Epizodlar ağacın yarpağı, ən yaxşı halda budağıdır, kəsməklə, müzakirə etməklə problem həll olunmur, əsas ağacın köküdür”, - deyə Süleymanov vurğulayıb.

3.4601511955261