Prezidentin təltif etdiyi Rəvanə Ağamirova danışdı: Ən böyük arzum... - VİDEO
Prezident İlham Əliyevin sərəncamı ilə dünən bir qrup gəncə Prezident mükafatı verilib. Bu mükafata layiq görülənlər arasında ifaçılıq istedadı ilə seçilən Rəvanə Seymur qızı Ağamirova da var.
Anadangəlmə görmə məhdudiyyəti ilə I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova yaradıcılıq müsabiqələrində, festivallarda həmişə istedadı ilə fərqlənib.
O, 2005-ci ildə İsmayıllı rayonunda anadan olub. Bir müddət əvvəl “Ay Laçın” mahnısını oxuyaraq qəlbləri fəth edib.
“Modern”ə danışan Rəvanə Ağamirova bu mükafata layiq görüldüyü üçün Prezidentə təşəkkür edib:
“Mən 2005-ci ildə dünyaya gəlmişəm. İsmayıllı rayonunun Talış kəndində anadan olmuşam. Xanəndəlik üzrə təhsil alıram. Çox sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur. Lənkəran gənclər şəhəri elan olunduğuna görə mükafatlandırma orada olacaq, - deyə o bildirib.
Rəvanə bir ildən çoxdur ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarıdır:
“Bir ildən çoxdur ki, orada benefisiar kimi fəaliyyət göstərib, təlim alıram. Müəllimlərimə, xüsusən də mənim əziyyətimi çəkən müəlliməm, vokalist Humay Aslanovaya təşəkkür edirəm”.
O bundan sonrakı məqsədlərindən də danışıb:
“Bundan sonrakı fəaliyyətimdə əsas məqsədim konservatoriyanı bitirib, hansısa təhsil müəssisəsində işləməkdir. Hazırda mənim ən böyük istəyim budur”.