Universitetdə sanitariyadan uzaq sanitar qovşağı ilə bağlı AÇIQLAMA + FOTO/VİDEO

Ölkəmizin ən qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin istifadə etməli olduqları sanitar qovşağın vəziyyəti görənləri şoka salıb. Bakunews.media xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yayımlanıb. 

Hələ 2021-ci ildə bir əsri tamamlamasını təntənə ilə qeyd edən ali təhsil ocağında tələbələr üçün sanitar qovşaqların da, az qala, 100 yaşında olması videonu izləyən hər kəsi təəccübləndirib.

Videogörüntü ilə bağlı Bakunews.media-ın sorğusuna cavab olaraq ADPU-nun Mətbuat Xidmətindən bildirildi ki, həmin sanitar qovşaqla bağlı video ötən ilin sonlarına aiddir:

“Hal-hazırda sözügedən sanitar qovşaq təmir üçün istifadəyə bağlanıb. Təsərrüfat Şöbəsinə şikayət o vaxtdan bildirilib, məşğul olurlar”.

“Hazırda tələbələrin istifadə etdikləri sanitar qovşaqdan şəkillər varmı?” sualımıza isə Mətbuat Xidmətindən: “Universitetin binalarında sanitar qovşaqların sayı çoxdur. Hər binada alternativ sanitar qovşaqlar var və istifadə olunur. Hal-hazırda əlimdə şəkil yoxdur”, - cavabı verildi.

Əzizə İsmayılova

0.05856990814209