Taekvondo millisinin baş məşqçisi: “Olimpiadada ən böyük hədəfə nail olmağa çalışacağıq”
“Olimpiadada var gücümüzlə ən böyük hədəfə nail olmağa çalışacağıq”.
Bunu “Report”a açıqlamasında taekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi Məhəmməd Abdullayev deyib.
Mütəxəssis dünyanın ən mötəbər yarışı üçün proqnoz vermək istəmədiyini bildirib:
“Beynəlxalq turnir haqqında da əvvəlcədən danışmıram. Orada 5 qızıl medal əldə edəcəyimizi bilsəm də, yenə proqnoz vermirəm. Hələlik yalnız Qaşım Maqomedov (58 kq) lisenziya qazanıb. Amma ümidimiz var. Allahın köməyi ilə növbəti lisenziyalarımız da olacaq”.
Abdullayev yığmanın 4 medal qazandığı (1 gümüş, 3 bürünc) Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş G2 kateqoriyalı Füceyrə açıq çempionatı barədə də fikirlərini bölüşüb:
“Bu, ənənəvi turnirdir və hər il keçirilir. Burada həmişə güclü komandalar iştirak edirlər. Yay Olimpiya Oyunlarına az qalmış idmançılar belə yarışlarda güclərini sınayırlar. İdmançılarımız səviyyəli yarışda 4 medal qazandılar. Bütün taekvondoçular olmasalar da, 6 kişi, 6 qadın təmsilçimiz dayanq üzərinə çıxıb. Burada təcrübələrini artırdılar. Milad Beiqi Harçeqani (+87 kq) birillik fasilədən sonra yeni çəkidə mübarizə apardı. Onun çıxışı hələlik qənaətbəxşdir. İranda və Türkiyədə yarışlar olacaq. Hər turnirə fərqli heyət gedəcək. Türkiyədəki yarışa yalnız olimpiya komandası gedəcək”.