Fuad Əliyev: Ümidvaram ki, yaxın zamanda sözügedən məsələlərlə bağlı qərarlar olacaq

7 fevralda Azərbaycanda növbədənkənar Prezident seçkisi keçirildi.


Təbliğat və təşviqat müddətində Prezident postu üçün mübarizə aparan 7 namizəddən hər biri müxtəlif vədlər vermişdi.


İlham Əliyev qalib gəldiyinə görə digər namizədlər öz vədlərini həyata keçirə bilməyəcəklər.
 

Bəs namizədlər səsləndirdikləri hansı vədlərin Prezident seçilmiş şəxs tərəfindən həyata keçirilməsini istəyirlər?

Modern.az saytı bununla əlaqədar prezidentliyə namizəd olan Fuad Əliyevə müraciət edib.

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev deyib ki, seçki prosesində daha çox sosial sahədə vədlər verib:
 

"İctimai Televiziya və radiodakı çıxışlarımızda mən və vəkillərim əsasən sosial problemləri qabardırdıq. Vətəndaşlarla görüşlərdə onlar bizdən sözügedən problemlərin həllində kömək istəyirdilər. İnanıram ki, İlham Əliyev İctimai televiziya və radiodan səslənən fikirləri nəzərə alacaq və vətəndaşlara dəstək olacaq.
İşsizlik, az təqaüd və az maaş kimi vətəndaşların əsas sosial problemlərinin mərhələ-mərhələ öz həllini tapacağına inanıram. Ümidvaram ki, yaxın zamanda sözügedən məsələlərlə bağlı qərarlar olacaq və vətəndaşların sosial problemləri heç olmasa azalacaq.
Vaxtilə bizim əsas problemimiz Qarabağın işğal altında qalması idi. Torpaqların işğaldan azad edilməsini qarşımıza əsas məqsəd kimi qoymuşduq. Ona görə də bütün gücümüzü hərbiyə yönləndirmişdik. Büdəcədən 8-10 milyard vəsait bu istiqamətdə xərclənirdi. İndi daha torpaqlar azaddır və həmin yerlərdə quruculuq-bərpa işləri gedir. Ümid edirəm ki, bununla paralel olaraq, vətəndaşların sosial problemləri də həll olunacaq".
 

F.Əliyev Vergi Məcəlləsində dəyişikliyin edilməsini də arzu etdiyini deyib:
 

"Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, bu ilin yanvar ayından kiçik və orta sahibkarların vergiləri 5%-dən 20%-ə qaldırılıb. Yəqin ki, bu məsələyə də baxılar. Ümid edirəm ki, 20% yenidən 5%-ə endiriləcək. Çünki bu qərar kiçik sahibkarlara zərbə oldu. İştirak etdiyimiz görüşlərdə vətəndaşlar bizə müraciət edirdilər, onlar  məcburdurlar ki, iş yerlərini bağlasınlar. Bu problemləri çox yaxın zamanda Prezident İlham Əliyevin mərhələli şəkildə həll edəcəyinə inanıram".

0.044343948364258