Zaqatalada ölümlə nəticələnən qəzada xəsarət alan şagirdin son durumu AÇIQLANDI
“Zaqataladan Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən İbrahim İbrahimzadə reanimasiya şöbəsində müalicəsini davam etdirir”.
Bu barədə Bakunews.media-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.
Qeyd edək ki, ötən gün Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı İbrahim İbrahimzadə Bakıya gətirilib.
Xatırladaq ki, ötən gün, saat 13 radələrində Zaqatala şəhər sakini, Emin Oqtay oğlu İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes-Benz” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü üç məktəblini vurub.
Hadisə nəticəsində azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itiriblər, İbrahim İbrahimzadə isə xəsarət alıb.
Əlavə edək ki, E.İbrahimov daha əvvəl Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. O, polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Könül Cəfərli