DİM test tapşırıqlarının doğru cavab etalonları təqdim etdi - YENİLƏNİB
11 fevral 2024-cü il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
15:09
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər üçün müvafiq olaraq informatika və coğrafiya fənləri üzrə əlavə imtahan keçirilib.
Bu barədə Mərkəzdən bildirilib.
Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 19 725 bakalavr ərizə təqdim edib.
İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra - 6 həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, bu gün saat 16:00-da DİM-in “YouTube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Bu gün, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan veriblər. Bu imtahanın nəticəsi fevralın 18-də keçirilən sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq.
09:04
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək.
Mərkəzdən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın yeddi şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq.
Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti üç saat 30 dəqiqədir. İmtahanın başlandığı andan üç saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
Qeyd olunan dəyişikliklə əlaqədar imtahan nəticələri iki mərhələdə elan olunacaq. İmtahandan sonrakı iki-üç gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq.
“İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın.
Bir daha xatırladırıq ki, kartı zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək”, - DİM-dən bildirilib.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır: “İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 15‑dən 29-dək aparılıb. İmtahanda iştirak etmək üçün 19 725 bakalavr ərizə təqdim edib. Onlardan 18 205 nəfər Azərbaycan bölməsi, 1 520 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12 713-si cari ilin, 7 012-si isə əvvəlki illərin məzunlarıdır, 46 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 55, Sumqayıtda beş, Abşeronda beş, Gəncədə altı, Naxçıvanda iki, Mingəçevirdə üç, Lənkəranda iki binada təşkil olunacaq. Bakıda 14 331, Naxçıvanda 497, Gəncədə 1 361, Sumqayıtda 1 367, Abşeronda 1 145, Mingəçevirdə 615, Lənkəranda 409 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1 396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq”.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 10-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.