Avropa İttifaqının Ermənistandakı “sülh missiya”sı yeni hərbi toqquşmalar üçün zəmin hazırlayır - ŞƏRH

“Bu ilin yanvar ayında Avropa İttifaqının Ermənistandakı “missiya”sı (EUMA) Azərbaycanla sərhədyanı ərazilərə 1500 nəfər patrul göndərib. Onlara yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb. Qurumdan bildirilib ki, “missiya” sərhədyanı ərazilərdə guya “sabitliyə tövhə vermək”, iki ölkə arasında münasibətlərin normallaşmaq məqsədilə iş aparacaq”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı Bakunews.media-a açıqlamasında deyib.

O bildirib ki, “missiya”nı həvəslə qəbul edən və onunla əməkdaşlıq edəcəyini bildirən Ermənistandan fərqli olaraq, Azərbaycan ilk gündən onun məram və məqsədinin Cənubi Qafqazda sülh və sabitliyə deyil, sülh və sabitlik istəməyənlərin qara niyyətlərinə xidmət edəcəyini bəyan etmişdi. Çünki sözügedən “missiya”da təmsil olunan ölkələrin ayrı-ayrılıqda hər birinin Azərbaycana, Qarabağ üzərində dövlət suverenliyimizin bərpası məsələsinə münasibəti hamıya yaxşı məlumdur.

“Belə də oldu. Bu gün - fevralın 12-də erməni silahlı qüvvələrinin əsgərləri bu “sülsevər missiya”nın gözü qarşısında atəş açaraq əsgərimizi yaraladılar. Hadisənin məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə yönəldiyi gün kimi aydındır. Hətta atəşin “missiya” üzvlərindən biri tərəfindən açıldığı variantı da nəzərdən keçirilə bilər.

Bu hadisədən sonra Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı. Burada ona Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyəti ilə bağlı ilkin razılaşmalara zidd olan fəaliyyətindən ciddi narahatlıq ifadə edildi. Səfirin diqqətinə çatdırıldı ki, regionda sabitliyin təşviq edilməsi, Azərbaycan və Ermənistan arasında etimadın yaradılması kimi bəyan edilmiş məqsədlərə zidd olaraq, “missiya”dan Azərbaycan əleyhinə bir təbliğat vasitəsi kimi geniş istifadə olunur.

“Missiya” faktiki olaraq müxtəlif Avropa rəsmilərinin və qeyri-rəsmi nümayəndə heyətlərinin sərhədyanı ərazilərə səfərlərini həyata keçirən “dürbün diplomatiyasının” agentinə çevrilib.

Odur ki, səfirdən Aİ tərəfindən “missiya”nın bəyan edilmiş mandatına uyğun olaraq ciddi şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirləri görmək tələb olunub.

Şübhəsiz ki, bu gün ikitərəfli Azərbaycan-Ermənistan danışıqlarının ləng də olsa müsbət məcrada inkişaf etməsi, sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyişlərin müşahidə olunması, nəqliyyat kommunikasiyalarının açılmasının bir həyati zərurətə çevrilməsi və s. tendensiyalar fonunda Aİ ölkələrinin təşvişini başa düşmək çətin deyil: onlar sülh deyil, savaş istəyirlər, qan istəyirlər və bu qan üzərindən pul qazanmaq istəyirlər. Bu mənada baş verən təxribat  Aİ missiyasının bölgədə daha uzun müddətə qalmasına və hətta, gücləndirilməsinə  bir “arqument” kimi lazım idi. Çünki sabitlik olanda hər hansı bir “missiya”ya da ehtiyac olmur.

Bəli, bu gün bir əsgərimiz yaralandı. Sabah, bir həftə və ya bir ay sonra nə olacaq, bilinmir. Çünki son zamanlar Ermənistanın sürətlə silahlanması, Fransadan, Hindistandan və başqa ölkələrdən ən müasir hərbi texnika alması, həmçinin ritorikası tez-tez dəyişən Nikol Paşinyanın ziddiyyətli və aqressiv bəyanatları ilk baxışdan Ermənistanın iri miqyaslı hərbi əməliyyatlara hazırlaşması kimi görünür.

Bəli, firənglər Ermənistanı növbəti dəfə fəlakətə sürükləyir, ermənilər isə bunu görmək və anlamaq istəmirlər. Bizdən demək, gerisi onlara qalıb” , - deyə F.Şahbazlı bildirib.

0.071516990661621