"Avropalı deputatlar erməni lobbisinin əlinə baxırlar"
Bu ilin martında Rusiyada da prezident seçkisi keçiriləcək. Bu arada məlum olub ki, Avropa Parlamenti Rusiyadakı mart seçkisinin nəticələrini tanımamaqla bağlı çağırışları qəbul etməyib. Seçkilərin tanınmaması təklifini qurumun 705 deputatından yalnız 29-u dəstəkləyib. Bu barədə Estoniyanın ERR televiziya və radio yayımı məlumat yayıb.
Rusiya ilə bağlı müraciəti yalnız 15 Avropa ölkəsindən olan deputat imzalayıb. Eston deputat Riho Terras bunu demokratik prinsiplərin pozulması hesab edir.
Rusiyaya belə loyallıq göstərən Avropa Parlamenti nədən Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilmir?
7 fevral seçkisində prezidentliyə namizəd olmuş, Müstəqil Həmkarlar İctimai Birliyinin sədri Fuad Əliyev isə qeyd etdi ki, bu, Avropa Parlamentinin riyakarlığıdır:
“Burada təəccüblü heç nə yoxdur. Çünki avropalı deputatlar erməni lobbisinin əlinə baxırlar. Bir sözlə, rüşvətə bulaşmış bu parlamentarilər erməni diasporasının sifarişini yerinə yetirirlər. Həmin deputatların öz ölkələrində separatizm problemləri var. Amma Azərbaycana gələndə bizim ərazi bütövlüyünə qarşı çıxırlar. Nə edirlərsə etsinlər, sadəcə, öz imiclərinə zərər vururlar. Düşünürəm ki, onlara o qədər də diqqət ayırmaq lazım deyil. Güclü Azərbaycanı həzm edə bilmirlər. Biz öz yolumuza davam edirik. Bundan sonra da belə mövqelərin şahidi çox olacağıq. Burada əsas səbəblərdən biri də xristian təəssübkeşliyidir. Bir sözlə, buna artıq öyrənmişik. Bizim yolumuz bəlli, hədəfimiz ortadadır. Hər şey qalib Azərbaycan üçündür”.
/Yeni Müsavat/