Əliyevin göstərdiyi təhdid ünvanları və Azərbaycanın “Ermənistan ssenarisi”nə hazırlığı - TƏHLİL

Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki çıxışı Azərbaycanın daxili və xarici siyasətlərinin konseptual istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənəcəyini göstərir.

Əliyevin əvvəlki illərdəki andiçmələrindən fərqli olaraq, gələcək üçün müəyyənləşdirmə aktı:

- Azərbaycanın xarici siyasət səhnəsində öz təsirini daha geniş miqyasda artıracağına,

- Azərbaycanın regional prosesləri uzunmüddətli sülhlə nəticələndirməkdən ötrü cilalama aparatının təkmilləşəcəyinə,

- Azərbaycanın müdafiə qüdrətinin, ordu gücünün, silah arsenalının və elit qüvvələrinin regional təhdidlər fonunda ən üstün səviyyəyə qədər irəliləyəcəyinə işarə edir.

İlham Əliyevin həmin istiqamətlər üzrə tezisləri Azərbaycan-Ermənistan sülh gündəliyi, bu proqramı pozmaq istəyən qüvvələrin ambisiyalarının fonunda perspektiv mənalı cavab tədbirlərini özündə cəmləşdirir.

Bu mənada, sərhədlərin təhlükəsizliyindəki mükəmməl sistemin yaradılması Azərbaycanın cavab addımlarının sürətini və çevikliyini artıran faktordur.

Ona görədir ki, Əliyev gələcək üçün sərhədlərin daha güclü qorunmasını müvafiq qurumların qarşısında önəmli vəzifə kimi qoydu. Şübhəsiz ki, bu, Azərbaycanın sərhədləri boyunca mümkün təxribat cəhdlərinin motivlərini araşdırmağa yardımçı olacaq, lakin bir məsələ var ki, onu ayrıca diqqətdə saxlamaq lazımdır.

Əliyev çıxışında sərhədlərin təhlükəsizliyini Azərbaycanın xarici risklərdən qorunması aktı kimi səsləndirərək ideoloji istiqamətlərə də diqqət çəkdi.

Prezident dedi ki:

- Bütün mümkün olan potensial risklər Azərbaycan hüdudlarından kənarda yerləşir və formalaşır,

- Azərbaycan təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərin möhkəmləndirilməsi nəticəsində özünü həm fiziki, həm də ideoloji risklərdən qorumalıdır.

Deməli, Azərbaycan ona qarşı ölkə hüdudlarından kənarda qalaqlanan təhdid ocaqlarını (ideoloji əsaslı fiziki) aşkarlamaq, həmin mənbələrdən yola çıxaraq dövlətə qarşı koordinatlar quran qeyri-leqal şəbəkələrin işini iflic etmək çağırışı ilə üzləşir.

Azərbaycan bu məsələdə strateji müttəfiqi olan Türkiyənin verdiyi kəşfiyyat məlumatları və tərəfdaş ölkələrin bəzi məxfi hesabatları ilə tanış olmaqla üstün mövqeyə yiyələnə bilər.

Prosesin böyükölçülü miqyası Yaxın Şərqdə genişlənən eskalasiya həyəcanı fonunda ekstremizmin alovlanması, radikal təşkilatların “çiçəklənməsi” və bunun Cənubi Qafqaza təsirləri fonunda təhlil edilə bilər. 

İlham Əliyevin sərhədlərlə əlaqədar təqdim etdiyi istiqamətlərdən biri də Ermənistanla münasibətlərin normallaşması prosesinin işığında əhəmiyyət daşıyırdı.

İlk olaraq, Əliyevin Azərbaycan-Ermənistan mövcud “sıfır nöqtələri”ni şərti sərhəd kimi xarakterizə etməsi Bakının öz şərtlərini yeni regional konyunktura uyğun böyüdəcəyinin anonsudur.

Yəni Əliyev yenidən prezident kimi fəaliyyətində:

- Sərhədlərin delimitasiyasının Azərbaycanın istədiyi və tələb etdiyi formada aparılması qaydalarını,

- Zəngəzur dəhlizinin açılmasındakı Bakının təqdim etdiyi istiqamətlərin reallaşmasını,

- Qərbi azərbaycanlıların qayıdışının təminini prioritet olaraq regional gündəlik müstəvisinə daşımağa davam edəcək.

Həmin üç “cəbhə”nin aktiv saxlanılması Əliyevin Ermənistana “Konstitusiyanı dəyişdir” xəbərdarlıqlarının müşayiətində yeni mərhələ kimi başa düşülə bilər.

Çünki Əliyev “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq” deyərək, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi mövqeyi ilə fikrinin ardını gətirdi.

Gec-tez Ermənistanda Konstitusiya dəyişikliklərinin qaçılmaz olduğu görünə bilər. Lakin bir sual dövriyyədə fırlanır - görəsən, erməni cəmiyyəti, müxalifəti mümkün dəyişikliklərə hansı formada reaksiya verəcək və onlar iğtişaşlara gedəcəkmi?

Hər halda, Azərbaycan Ermənistana ana qanununu dəyişdirməyi məsləhət görürsə, onun mümkün praktiki nəticələrinə də hazırlıq ssenarilərinə malikdir...

Aqşin Kərimov

0.057796955108643