Ermənistan konstitusiyanı dəyişir?
Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyacı olduğunu açıqlayıb. O deyib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi sülhə maneədir.
“Yeni Müsavat” qeyd edir ki, Paşinyan Azərbaycanın tələbi ilə yeni konstitusiya qəbul etmək istəyir. Rəsmi Bakı da bir neçə dəfə Ermənistandan konstitusiyasından Azərbaycana qarşı iddiaları çıxarmağı tələb edib. Erməni mediası konstitusiya dəyişikliyi ilə bağlı daha bir məlumat əldə edib. “Hraparak” nəşrinin yazdığına görə, Paşinyan hakimiyyəti konstitusiyaya tərəfsizlik müddəasını əlavə etmək niyyətindədir. Bu müddəaya görə, Ermənistan ərazisində xarici ölkələrin silahlı qüvvələrinin daimi əsaslarla yerləşdirilməsi qadağan edilir.
Lakin Ermənistan qeyri-səmimi görünür: həm bitərəf ölkəyə çevrilməkdən dəm vururlar, həm də Qərbdə təhlükəsizlik sahəsində müttəfiqlər tapırlar. Paşinyanın referenduma gedərək qanunvericiliyə dəyişiklik edəcəyi isə əvvəlki dediyi sözlər olaraq qalmaqdadır. Buna gedərmi?
Prezidentliyə namizəd olmuş siyasi ekspert Fuad Əliyev Ermənistanın tərəfsiz ölkəyə çevrilməsini nonsens sayır. Onun fikrincə, Paşinyan rus hərbi bazalarını ölkədən çıxarmaq iradəsinə malik deyil, hətta bu baş versə belə, boşalan yeri Fransa tutacaq. Onun sözlərinə görə, Ermənistan elə bir mürəkkəb oyunun içindədir ki, orada konkret seçim etmək siyasi intihara bərabər olacaq: “Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiya qarşısında öhdəliklər götürüb. Gümrü və Erebunidə iki hərbi baza mövcuddur, sərhədləri rus əsgərləri mühafizə edir, Zəngəzur dəhlizinə nəzarətin də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd mühafizəsində olmasında üçtərəfli sənəddə razılıq verib, sadəcə, boyun qaçırır... Yəni Ermənistanın qaçmaq imkanları yoxdur. Balanslı siyasət yürütmək, heç bir hərbi bloka üzv olmamaq üçün Paşinyan addım ata bilməyəcək, çox gecdir. Çünki hakimiyyətə gələrkən Qərb qarşısında öhdəlikləri var. Onlardan biri də rus hərbçilərini sıxışdırıb çıxarmaqla Avropanın hərbi varlığını təmin etməlidir. Hazırda Ermənistan uğrunda bu mübarizə getməkdədir”. F.Əliyev qanunvericiliyə dəyişikliyi isə zəruri hesab edir, lakin Paşinyan administrasiyası sürətli keçidlər etməkdən çəkinir: “Rəsmi İrəvan başa düşür ki, ərazi iddialarını Müstəqillik Aktından və qanunvericilikdən çıxarmasalar, nə sülh sazişi olacaq, nə də Türkiyə ilə əlaqələr. Amma cəmiyyəti bu prosesə hazırlamalıdır. Referenduma gedərək dəyişikliklər etməsinə kilsə, lobbi, daxildəki gücləri dəstəkləyənlər necə reaksiya verəcək, hərbi çevrilişə cəhd olacaqmı, bu suallar, risklər mövcuddur. Bunları da Ermənistan hökuməti nəzərə almaqdadır. O baxımdan iki od arasında qalan bir ölkədə kövrək dövr davam edəcək və Paşinyan zamanla daşları yerinə oturtmağa çalışacaq”.