Sarayevoda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi paytaxt Sarayevo şəhərində yerləşən Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilmiş, bu yaxınlarda isə əsaslı şəkildə təmir və bərpa edilmiş Azərbaycan-Bosniya Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə anım mərasimi keçirib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycan və Türkiyə Cümhuriyyəti səfirliklərinin əməkdaşları, Türkiyənin Bosniya və Herseqovinada fəaliyyət göstərən çoxsaylı qurum və təşkilatlarının (TIKA, Yunus Emre Institutu, “Maarif Schools”) rəhbər və təmsilçiləri, həmçinin Anadolu Balkan, TRT Balkan xəbər agentlikləri və yerli KİV-lərin, eləcə də boşnak ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyə səfirlikləri adından abidənin önünə əklil və gül dəstələri qoyulub.

Xocalı və Srebrenitsa şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Türkiyə səfirliyinin dini işlər müşaviri Mustafa Güvenc Xocalı şəhidlərinin və Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizədə həyatlarını qurban vermiş bütün şəhidlərin ruhuna dua oxuyub.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev mərasim iştirakçılarına müraciət edərək 32 il bundan əvvəl Azərbaycan torpaqlarını işğal edib burada “ikinci erməni dövləti” yaratmaq fikrinə düşən erməni separatçılarının Xocalı şəhərində ötən yüzilliyin dəhşətli soyqırımılarından birini törətdiklərini, yalnız milli və dini mənsubluqlarına görə yüzlərlə dinc sakini - uşaqları, qocaları, qadınları amansızla qətlə yetirdiklərini, dünyanın isə bu antibəşəri cinayətə laqeyd qaldığını bildirib.

Səfir daha sonra bildirib ki, bu il ilk dəfə Xocalı şəhidlərinin ruhu azad edilən və böyük tikinti-quruculuq meydanına çevrilən Xocalıda qeyd olunur. Məhz bu gün, dəhşətli faciənin ildönümü günündə Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməlini qoyub.

Qeyd olunub ki, müasir Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı soyqırımı həm də Azərbaycan xalqının barışmazlığının, müqavimət gücünün və qan yaddaşının rəmzidir.

0.17421722412109