“Qarabağ” klubu “Bayer 04” azarkeşləri üçün 400 bilet ayırıb
UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer 04” matçı üçün Almaniyadan gələcək azarkeşlərə 400 bilet ayrılıb.
Bu barədə ”Report”a “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.
“400-ə yaxın azarkeşin Bakıya gələcəyi gözlənilir. Bakıdakı oyun üçün Almaniya klubu 400 bilet sifariş verib”, - deyə Ağdam klubunun rəsmisi bildirib.
Anar Hacıyev Almaniya klubunun Bakıya səfər planını da açıqlayıb:
“Leverkuzen təmsilçisi martın 6-da, axşam radələrində Bakıya gələcək. Komanda “Hilton” hotelində məskunlaşacaq”.
“Qarabağ” klubunun rəsmisi bilet satışı ilə bağlı da məlumat verib:
“Bilet satışı yekunlaşmaq üzrədir. Böyük ehtimalla martın 6-na qədər bütün biletlər satılacaq. Satışla bağlı dəqiq rəqəmlər gün ərzində klubun sosial şəbəkə səhifələrində paylaşılacaq”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.