Bakıda zəlzələdən sonra qəzalı vəziyyətə düşən məktəb barədə AÇIQLAMA

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı tam orta məktəbin söküləcəyi ilə bağlı iddialar yayılıb.

Bu barədə “Qafqazinfo”ya sakinlər müraciət ediblər. Onların sözlərinə görə, məktəbin bir hissəsi - ibtidai siniflər üçün nəzərdə tutulmuş korpus - qəzalı vəziyyətdədir. Həmin korpusda uzun müddətdir, məcburi köçkünlər məskunlaşıblar və dərslər keçirilmir.

Valideynlərin sözlərinə görə, məktəbin şagirdləri ibtidai sinifləri yaxınlıqda yerləşən 300 saylı məktəbdə oxuyur, 5-ci sinifdən isə öz məktəblərinə qayıdırlar:

“Bizim məktəbin ibtidai siniflər üçün korpusundan əlavə, digər üçmərtəbəli korpusu normal vəziyyətdədir, qəzalı deyil. Bizə deyirlər ki, məktəbi sökmək istəyirlər. Amma rəsmi məlumat verən yoxdur. Məktəbdə minədək şagird təhsil alır, əgər sökülmə söhbəti varsa, biz də məlumatlı olmalıyıq. Buna görə çox narahatıq”.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 2023-cü il dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində BŞTİ-nin tabeliyindəki 301 nömrəli tam orta məktəbin 1939-cu ildə inşa edilmiş birmərtəbəli korpusunda qəzalı vəziyyət yaranıb:

“Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən binaya baxış keçirilib və mühəndis-müayinə işləri aparılaraq müvafiq rəy təqdim edilib. Rəyə əsasən, məktəb binasının yükdaşıyan divarlarında geniş çatların yarandığı, divarların birləşmə yerlərində aralanmaların əmələ gəldiyi, qapı və pəncərələrin üst hissələrinin yerini dəyişdiyi müəyyən edilib. Bu səbəbdən məktəblilərin (ibtidai siniflər) və pedaqoji heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin korpusda təhsil alan şagirdlərin yaxınlıqdakı 300 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirməsi təmin olunub. Hazırda məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür”.

İdarədən, həmçinin, bildirilib ki, 301 nömrəli tam orta məktəbin 2006-cı ildə inşa olunmuş digər üçmərtəbəli korpusunda tədris normal qaydada davam etdirilir.

Xatırladaq ki, ötən il dekabrın 7-si saat 8:16-da Xəzər dənizində güclü zəlzələ baş verib. Maqnitudası 5,6 olan yeraltı təkanlar Bakıda və bəzi şimal rayonlarında da 5 bala qədər hiss olunub.

0.06023907661438