“Qarabağ” milli çempionatlardakı xal fərqinə görə Avropada birincidir - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi”ni 4:1 hesabı ilə məğlub edən “Qarabağ” ən yaxın izləyicisi “Səbail”lə xal fərqini 23-ə yüksəldib.

“Report”un araşdırmasına görə, Ağdam təmsilçisi Avropanın milli çempionatlarında ən böyük fərqlə liderlik mövqeyində qərarlaşan komandadır.

“Qarabağ”dan sonra yalnız bir klub 20 xallıq üstünlüyə malikdir. Bu, Uels çempionatında 74 xal toplayan TNS-dir. İlk üçlüyü Slovakiya çempionatının lideri “Slovan” qapayır. Adıçəkilən komanda ikinci sıradakı “Jilina”dan 16 xal öndədir.

“Böyük beşlik” ölkələrindən ən yaxşı göstərici İtaliya A Seriyasındadır. Həmin çempionatda qızıl medallara iddiaçı “İnter” 27 turdan sonra təqibçisi “Yuventus”dan 15 xal irəlidədir.

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer 04” isə Almaniya Bundesliqasındakı çıxışı ilə diqqət çəkir. Xabi Alonsonun kollektivi sona 10 tur qalmış ikinci pillədəki “Bavariya”dan 10 xal çox toplayıb.

Mövsüm sona yaxınlaşan ölkələrdən üçündə ilk iki sırada qərarlaşan klublar eyni xala malikdirlər. Bunlar Bolqarıstan, İsrail və San-Marino liqalarıdır.

Avropa çempionatlarında liderin ikinci pillədəki komanda ilə arasında xal fərqi olan ölkələr:

1. Azərbaycan (25 turdan sonra) - 23;

2. Uels (26) - 20;

3. Slovakiya (22) - 16;

4. İtaliya (27) - 15;

5. Rumıniya (29) - 12;

6-7. Almaniya (24), Niderland (24) - 10;

8-9. Bosniya və Herseqovina (21), Fransa (24) - 9;

10. Belçika (28) - 8;

11-12. Sloveniya (24), İspaniya (27) - 7;

13-14. Moldova (14), Kipr (28) - 6;

15-19. Andorra (19), Lüksemburq (19), Çexiya (23), Ermənistan (23), Albaniya (26) - 4;

20. Polşa (23) - 3;

21-24. Rusiya (19), Avstriya (21), Türkiyə (28), Şotlandiya (29) - 2;

25-39. Cəbəllütariq (17), Ukrayna (19), Malta (19), Danimarka (20), Şimali Makedoniya (21), Portuqaliya (23), Monteneqro (23), Serbiya (23), Macarıstan (23), Kosovo (23), Xorvatiya (25), İsveçrə (26), Yunanıstan (26), İngiltərə (27), Şimali İrlandiya (30) - 1;

40-42. Bolqarıstan (22), İsrail (24), San Marino (24) - 0.

0.075561046600342