Dövlət Xidməti sosial şəbəkələrdəki nasazlıqla bağlı məlumat yayıb - YENİLƏNİB
“Facebook”və “Instagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələ ki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
“Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur”, - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
20:30
“Facebook”da yaranan qlobal problem aradan qaldırılıb.
Bakunews.media xəbər verir ki, hazırda istifadəçilər sözügedən sosial şəbəkə platformasındakı profillərinə daxil ola bildiklərini bildiriblər.
Qeyd edək ki, “Instagram” və “Threads” sosial şəbəkələrinə girişdə yaranan məhdudiyyət davam edir.
20:20
“Facebook” hazırda texniki səbəblərdən əlçatan deyil. Bir neçə dəqiqədən sonra hesablarınıza yenidən daxil ola biləcəksiniz”.
Bakunews.media xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin girişində yazılıb.
“Sosial şəbəkədə texniki nasazlığın aradan qaldırılması zamanı gözlədiyiniz üçün təşəkkür edirik”, - deyə elanda qeyd olunub.
19:30
“Facebook”, “Instagram” və “Threads” sosial şəbəkələrində qlobal problem yaranıb.
Bakunews.media xəbər verir ki, hazırda bir çox istifadəçi sözügedən sosial şəbəkə platformalarındakı profilinə daxil ola bilmədiyini bildirir.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.