Sevinc Osmanqızı “jurnalistika”sı: Ayaq tutsa da, heç vaxt yeriməyəcək “həqiqət”...
Jurnalist peşəsi hər zaman dürüst və qərəzsiz olmağı, ən əsası mətbuatımızda xüsusən məşhur ifadə olan “əlahəzrət fakt”a söykənməyi qarşımıza tələb kimi qoyur. Naşı, mətbuatdan xəbərsiz insanların bu sahədə hansısa səhvə yol verməsi, faktları, doğru və yanlışı ayırd edə bilməməsinə təəccüblə yanaşılmamalıdır.
Özünə “peşəkar” deyənlərin isə iddia və təxəyyülə, fərziyyələrə əsaslanan fikirləri cəmiyyətə sırımasına göz yummaq, bu kimi savadsız, ikrah hissi oyadan və həqiqətlə heç bir vəchlə üst-üstə düşməyən uydurmaların reytinq qazanmasına icazə vermək də olmaz. Çünki bu kimi halların geniş vüsət alması sadə insanların sözün aliliyinə olan inamını sarsa bilər.
Odur ki, sözü çox uzatmadan özünü “peşəkar” və “jurnalist” adlandıran Sevinc Osmanqızı nümunəsinə nəzər salaq. Xanım “jurnalist” okeanın o tayında əyləşib, ölkədə baş verənlərdən, Azərbaycanın xarici və daxili siyasətindən ağız dolusu “danışmağı” ilə məşhurdur. Təbii ki, danışmaq dedikdə hansı fikirlərin Sevinc Osmanqızının şəxsi, hansının qərəz, iddia, böhtan və ən əsası sifariş olmasını ayırd etmək mümkün olmadığı üçün həmin ifadə məhz “danışmaq” şəklində yazılmalıdır.
Sevinc Osmanqızının dilindən çıxan son iddia isə olduqca gülünc və “peşəkar jurnalist”ə yaraşmayan tərzdədir. Belə ki, S.Osmanqızı dövlət başçısı İlham Əliyevin “Euronews” telekanalına müsahibəsindən görünür yaman narahat olub. İş o həddə çatıb ki, “qələm ustadı” hətta müsahibənin müsahibə olmadığını söyləyib. Bəli, məhz bu tərzdə - “müsahibə, müsahibə deyil”...
Sual yaranır, bəs nədir? Arqumentləriniz hansılardır? Hansı faktlar sizə bu müsahibənin feyk olduğunu söyləmək əsası verir? Axı siz əlində fərqlənmə diplomu olan “jurnalist”siniz Sevinc Osmanqızı...
Bu suallara cavab tapmadan söyləyəcəyiniz hər ifadənin, pafoslu fikirlərin həqiqət olacağına inamınız bu qədərmi güclüdür ki, mütləq şəkildə “əlahəzrət fakt”a deyil, “əlahəzrət təxəyyül”ünüzə arxalanırsınız?
Qeyd edək ki, dövlət başçısının sözügedən telekanala müsahibəsinin kiçik bir hissəsi artıq yayımlanıb. Qarşıdakı günlərdə isə müsahibənin tam versiyası ilə mətbuatda tanış olmaq mümkün olacaq. Üstəlik, nəinki yerli və rəsmi mətbuatımızda, həm də Sevinc Osmanqızının dörd gözlə axtardığı, yeniləməkdən yorğun düşdüyü “Euronews”da...
Artıq yəqin ki, həmin andan etibarən Sevinc Osmanqızının iddialarının çürük olduğuna heç bir şübhə yeri qalmayacaq. Həyatda iddialı olmaq müsbət məqam ola bilər, ancaq bu iddianın arxasında sağlam düşüncə dayanmırsa, nə fayda...
Axı Sevinc Osmanqızı, müsahibə yayımlandığı andaca pafosla ağız dolusu danışdığınız, kinayə ilə təlqin etməyə çalışdığınız “ali həqiqət” yerlə bir olacaq. Məgər bir anın içində alt-üst olacaq, saman alovu kimi tez sönəcək, sizin sözünüzün, düşüncənizin “dəyər”ini qara qəpikdən aşağı edəcək bir iddiaya düşmək ağıl işidirmi? “Müsahibə bir neçə saniyədir” kimi cılız bir arqumentin arxasında hara qədər gizlənmək olar? Bu saniyələrin tam həcmi ilə üzləşdikdə həmin o kinayəli gülüşü təkrarlamağınız mümkün olacaqmı?
Elə isə növbəti sual məhz “jurnalist”in məqsədində gizlidir. Məqsəd həqiqət arxasınca qaçmaq, yoxsa öz uydurma “həqiqət”ini ayaq tutub, ancaq yeriməyəcəyi ana kimi davam etdirməkdir... Hansısa zaman kəsiyində bir anda darmadağın olacaq böhtanların arxasınca qaçmaqmıdır jurnalistika?
Yoxsa, artıq “ustad qələm”iniz elə bir məqama çatıb ki, sorğu-sualsız “əlahəzrət fakt”a çevrilməkdədir sözləriniz? Bəlkə, sözün aliliyinin onun həqiqətə söykənməsində olduğunu unutmusunuz. Yoxsa insanların sizin ağzınızdan çıxan sözləri Quran ayəsi qəbul etdiyini və sorğulamadığına inanırsınız?
Bütün bu faktlar işığında Sevinc Osmanqızı jurnalistikasını anlamaq və qəbul etmək üçün yəqin ki, əsl jurnalistikanın bütün prinsip və normalarını unutmaq, xəyanət etmək və hər bir qaydanın tam əksini tətbiq etmək gərəklidir. Bu jurnalistika elə bir prinsiplərə sahibdir ki, burada “müsahibə müsahibə deyil” ifadəsinə belə yer var. Üstəlik heç bir açıqlama, arqument və fakt olmadan. Növbəti gün bu iddianın yerlə bir olacağını düşünmədən, utanmadan...
Sevinc Osmanqızı jurnalistika savadını şübhə altında qoyan bu addımları şüursuz şəkildə atmır. Şüurlu və sifarişli şəkildə özünəməxsus “jurnalistika” ilə məşğuldur. Hər şeyin öz doğru mövqeyinin tam əksində olduğu bu sahənin adı elmə məlum deyil. Bunun tam əksi, norma və prinsiplərə, qərəzsizliyə söykənən forması isə məhz jurnalistikadır.
Orxan Tağıyev