Əhməd Rəhmanov: İnanmıram ki, hansısa bir təhsil ocağında bununla baglı dərs keçən olar
"Təhsili olan sosial işçi işinə elmi cəhətdən yəni, nəzəri biliklərə əsasən yanaşır, psixologiyanı öyrənir". Bu sözləri SİA-ya açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov deyib.
O bildirib ki, təhsili olmayan isə qəlbinin səsi və praktiki cəhətdən işinə yanaşır:
"Əksər hallarda təhsili olmayan sosial işçi işində daha uğurlu olur, nəinki, bu peşəyə gəlir mənbəyi, yəni professional tərəfdən yanaşan işçi kimi. Bu barədə belə bir lətifə də var. Mütəxəssislərin tikdiyi "Titanik"ə nisbətən, həvəskar Nuhun tikdiyi gəmi dünyanı basan suya dözdü. Əlavə ola bilər ki, sosial işçilərin çoxu yəni, təhsili olmayanlar, əsasən, öz yaxınlarında, öz ətraflarında çətinlik yaşamış insanlar olur. Onlar xəstənin, əlilin nə çəkdiyini nəzəri yox, praktiki tərəfdən müşahidə edirlər. Mən özüm əliləm, uzun müddət Qarabağ əlilləri içərisində hospitallarda yatmışam. Vaxtı ilə tanımadığım şəxslər mənə qulluq edib (tibb personalı), təəssüf ki, bu gün övladım da əlildir, psixi problemi var. Odur ki, bu gün küçədə, yaxında bir əlilliyi olan insan görəndə mən ilk növbədə özümü onun yerinə qoyuram. Onun istəyini, nəyə ehtiyacı olduğunu hiss edirəm. Sosial Xidmətlər Agentliyi məni tanıyır. Bir il ərzində Nəsimi rayonunda 3 kimsəsizi küçədən götürüb, əvvəl həkimə aparıb, sonra Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil vermişəm ki, pansionata yerləşdirsinlər. Bunu mən əmək haqqına yox, elmi nəzəriyyəyə görə yox, sadəcə insanlıq xatirinə edirəm. Əvvəl dediyim kimi qəlbin səsinə görə etmişəm. İnanmıram ki, hansısa bir təhsil ocağında bununla baglı dərs keçən olar".