Üçəm anası olan gömrük xidməti mayorunun bir günü - REPORTAJ + FOTO

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Dahi Hüseyn Cavidin bu məşhur sözlərini xatırlatmağımız təsadüfi deyil. Bu gün bütün dünya 8 Mart - Beynəlxalq Qadınlar Gününü qeyd edir.

Azərbaycan cəmiyyətində, ictimai, siyasi, iqtisadi, səhiyyə, təhsil, təhlükəsizlik kimi bütün sahələrdə qadınların rolu danılmazdır. Bununla bərabər, qadınların əvəzsiz bir missiyası - ana adı da xüsusi qeyd edilməlidir. Haqqında bəhs edəcəyimiz İlahə Əliyeva da çətin və məsuliyyətli işi ilə bərabər, həm də üçəm anasıdır.

Beynəlxalq Qadınlar Günü ərəfəsində İ.Əliyevanın iş yerində və evində qonaq olduq, onun gündəlik rejiminə şahidlik etdik.

İlahə xanım gömrük xidməti mayorudur və Bakı Baş Gömrük İdarəsinin böyük inspektorudur. O, 2001-ci ildən gömrük xidmətindədir və bu illər ərzində “Dövlət qulluğunda fərqlənməyə görə” Prezident medalı, Dövlət Gömrük Komitəsinin “25 illik Yubiley Medalı”, Dövlət Gömrük Komitəsinin Fəxri Fərmanı və 10 il qüsursuz xidmətə görə 3-cü dərəcəli döş nişanı ilə təltif olunub.

Onunla ilk söhbətimiz məhz çalışdığı Bakı Baş Gömrük İdarəsində oldu. Kollektivin ona xüsusi diqqətlə yanaşdığını, hər gün işdən bir saat tez çıxmağına icazə verildiyini və üç uşaq anası olduğuna görə iş yoldaşlarının müxtəlif məqamlarda ona güzəştə getdiyini deyib:

“İlk olaraq, fürsətdən istifadə edib 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bizə qalibiyyət bəxş edən Azərbaycan Ordusunun igid əsgərlərini yetişdirən bütün anaları, şəhid analarını, şəhid xanımlarını, öz anamı, bir sözlə, Azərbaycanın bütün qadınlarını təbrik edirəm, onlara cansağlığı arzulayıram. Qadın xoşbəxt olanda bütün cəmiyyət xoşbəxt olur. Ona görə də bütün xanımlarımıza ailə səadəti, xoşbəxtlik diləyirəm. Çalışdığım Bakı Baş Gömrük İdarəsinin əməkdaşları, ümumilikdə, Gömrük Komitəsinin rəhbərliyi qadınların problemləri, məişət qayğısı ilə həmişə yaxından maraqlanırlar. Uşaqlı analara işləmək üçün şərait yaradılır, bununla bərabər, güzəştlər edilir. Məni gömrük orqanlarında “üç uşaq anası mayor” deyə tanıyırlar. İş yoldaşlarım evdəki məsuliyyətimin də kifayət qədər çətin olduğunu bildiklərindən peşəkar mühitdə mənə dəstək göstərirlər. Buna görə onlara təşəkkürümü bildirirəm”.

Xanım mayorun evinə doğru yola düşdükdə işi barədə bir az da söhbət etdik. O, 5 il Biləsuvar Gömrük Postunda çalışdığını söylədi. Dediyinə görə, həmin dövrdəki işi kifayət qədər məsuliyyətli və çətin olub:

“Biləsuvarda qaçaqmalçılığın qarşısının alınması ilə məşğul idik və çox zaman gömrükdən keçən qadınları yoxlayırdıq. Qadınların bəzən daxili orqanlarında narkotik vasitələr aşkarlanırdı. Bu, kifayət qədər məsuliyyətli və diqqət tələb edən, mürəkkəb prosesdir. Biz gömrükdə qaçaqmalçıları aşkar edəndə belə elə davranmalı idik ki, digər insanlar prosesdən zərər görməsinlər, əziyyət çəkməsinlər, hətta mümkün qədər bu mənfi hallara şahid olmasınlar”.

İlahə Əliyeva evdəki məsuliyyətli işlərin öhdəsindən isə həyat yoldaşı ilə birgə gəlir. Ömür-gün yoldaşı ona çox yaxından dəstək olur, hər məsələdə, üçəmlərə qulluqda, onların tərbiyəsində köməyini əsirgəmir.

O, həyat yoldaşı ilə tanışlıq hekayəsini də bizimlə bölüşüb:

“Həyat yoldaşım naxçıvanlı, mən isə zəngilanlıyam. Hər ikimiz Sumqayıtda anadan olmuşuq, orada böyümüşük. Tanışlığımız isə 11-ci sinifdə Azərbaycan dili üzrə getdiyimiz hazırlığa təsadüf edib. Həmyaşıdıq, hətta doğum tarixlərimiz arasında cəmi 2 gün fərq var, martın 5-i mən, 7-si o anadan olub. Məktəbi bitirdikdən sonra ünsiyyətimiz olmayıb. Mən ali məktəbi oxudum, işlədim. İllər sonra təsadüfən yenidən qarşılaşdıq və ailə həyatı qurduq. Evlənmədən öncə həyat yoldaşım tez-tez deyirdi ki, bizim yaşıdlarımızın üç uşağı var. Allah qismət etdi, istəyinə çatdı, 33 yaşda üç uşaq valideyni olduq. Uşaqların üçəm olması bizim üçün sürpriz idi. Mənim ailəmdə də, həyat yoldaşımın ailəsində də bir neçə qohumun əkiz övladları var. Atamın qardaşı və bacısı, anamın isə özü və bacısı əkizdirlər. Ona görə genetik kodlar baxımından əkiz övladımız olacağını ehtimal edə bilərdik. Amma üçəm olacağı heç vaxt ağlımıza da gəlməzdi. Uşaqların ikisi qız, biri oğlandır”.

İlahə Əliyeva dedi ki, hər nə qədər yaşı, maddi, mənəvi, psixoloji durumu analıq üçün hazır olsa da, uşaqların ilk aylarında xeyli əziyyət çəkib.

“Mən ana olanda artıq buna hazır idim, 33 yaşım var idi. Uşaqlar bətnimdə olanda həkimlər təklif etmişdilər ki, bəlkə üçündən birini götürək. Digər ikisi daha yaxşı inkişaf etsin, üç uşağı daşımaq sağlamlığıma ciddi təsir edə bilərdi. Mən buna razı olmadım. Şükür edirəm ki, Allah hər üçünü mənə bağışladı. Çətin dövr olsa da, bunu arxada qoyduq. Uşaqların baxımı tək mənim üzərimdə idi. Bu, çox çətin dövr oldu. Özümün mənəvi, fiziki çətinliklərim, onların baxımı, maddi problemlər var idi. Uşaqları ana südü ilə qidalandırmalı idim, amma üç uşağa eyni anda süd çatdırmaq mümkün deyil. Ona görə məcbur olub, səhər birini, günorta birini, axşam birini qidalandırırdım. Onların yeməyi, pampersləri, geyimləri, müayinə və müalicələri ciddi vəsait tələb edirdi. Ona görə 9 ay sonra işə qayıtmalı oldum...

Üçünü də eyni anda idarə etmək çox çətindir. Hərdən nənələri istəyirlər ki, uşaqlar onlarda qalsınlar. Deyirlər birini bizdə qoy, ikisini apar. Halbuki onları bir-birindən ayırmaq mümkün deyil”, - deyə xanım mayor vurğulayıb.

Evə daxil olduqda üçəmlər özləri bizi qapıda qarşıladılar. Çox maraqlıdır ki, bir-birilərinə bənzəsələr də, onların üçəm olduğunu ilk baxışdan anlamaq çətindir. İlahə xanım qızların adlarını milli kinolardan seçdiklərini dedi:

“Gülnazın adını “O olmasın, bu olsun” filmindən, Gülçöhrənin adını “Arşın mal alan” filmindən götürmüşük. Oğlanın adı isə Təvəkküldür. Amma onları öz adları ilə çağırmırıq. Körpə olanda öz adlarını çətinliklə deyə bilirdilər. Ona görə Gülçöhrəyə Sərçə, Gülnaza Bacı, Təvəkkülə isə Qoqu deyə səslənirdik. İndi özləri də bir-birilərinə bu adlarla səslənirlər. Bağçada, həyətdə, başqa uşaqlarla ünsiyyətdə heç vaxt problem yaşamırıq. Onlar ən çox bir-biriləri ilə dava edirlər. Lakin bir-birilərini sevirlər. Sərçə, Bacı və Qoqu hər işi birlikdə edirlər. Əgər biri yemək yeməsə, heç biri yemir. Onların paltarlarını, əşyalarını, qab-qacaqlarını, oyuncaqlarını - hər şeyi eynisindən almalıyıq. Çünki dava salırlar. Əslində, bu, bir tərəfdən bizim işimizə də yarayır. Eyni şeydən çətinliklə də olsa, üç ədəd tapıb, alırıq, əşyaların qarışması, dəyişik düşməsi problem olmur. Bir-birinin bəzi paltarlarını rahatlıqla geyinirlər. Bir-biri ilə müqayisədə Gülnaz daha uzunboydur, Gülçöhrə daha toppuşdur, Təvəkkül isə arıqdır. Yaşına görə hər birinin çəkisi və kilosu normal olsa da, bəzi paltarları bir-birinə gəlmir”.

Mayor ana gömrük orqanlarında çalışan və dövlət qulluğunda fərqlənən yeganə üçəm anası olduğunu qeyd edib. Bununla belə, üçəm valideyni olan digər analarla müxtəlif vaxtlarda tanış olub, “WhatsApp” şəbəkəsi üzərində qrup yaradıblar:

“Bir-birimizə çox dəstək oluruq. Hətta yeni üçəmləri olan valideynlərlə tanış olduqda onları da qrupumuza əlavə edirik. Həm təcrübələrimizi paylaşır, həm də bir-birimizə məsləhətlər veririk. Hətta bəzən birləşib köməyə ehtiyacı olan körpə uşaqlı analara yardım da edirik. Uşaqların geyimlərini, əşyalarını ehtiyacı olan ailələrlə bu şəkildə dəfələrlə paylaşmışıq. Ana olmaq çox möhtəşəm duyğudur, eyni zamanda məsuliyyətli və çətin işdir. Mən həm ailədə öz üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməli, övladlarıma lazımi diqqət və qayğı göstərməli, həmçinin öz xidməti vəzifələrimi peşəkarcasına yerinə yetirməli, milli və iqtisadi təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanmalı, öz fəaliyyətimdə xüsusi diqqətli olmalıyam. Çünki mən Azərbaycan Respublikasına xidmət edirəm”.

Beləliklə, İlahə xanım və onun gözəl ailəsi ilə tanışlıqdan məmnun qaldıq. Bir daha əmin olduq ki, qadın güclü varlıqdır və yanında ona dəstək olan həyat yoldaşı, övladları olduqda öz həyatını, eləcə də dünyanı gözəlləşdirməyə qadirdir.

8 Mart - Beynəlxalq Qadınlar Gününüz mübarək!

0.056010961532593