“Şahdağ Qusar”ın kapitanı: “Hədəfimiz çempion olub I Liqaya yüksəlməkdir”
“Hədəfimiz çempion olub I Liqaya yüksəlməkdir”.
Bunu “Report”a açıqlamasında “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyev II Liqada XV tur çərçivəsində lider “Sportinq Baku”ya qarşı matç (1:1) barədə danışarkən deyib.
34 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra keçirilən ilk görüşü dəyərləndirib:
“Çempionatın liderinə qarşı oynayırdıq. Qələbə qazanıb xal fərqini azaltmaq istəyirdik. Oyuna pis başlamamışdıq. İlk hissəni 1:0 hesabı ilə öndə başa vurduq. Ancaq ikinci hissədə qol buraxdıq və görüş heç-heçə nəticələndi. Əslində, pis nəticə deyil. Hər şey bununla bitmir. Qarşıda daha yaxşı nəticələr qazanacağıq”.
Azərbaycan millisinin sabiq futbolçusu komandanın hədəflərindən danışıb:
“Məqsədimiz çempionluqdur. II Liqanın lideri ilə xal fərqi bir qədər çoxdur. Düşünürəm ki, bunu aradan qaldıracağıq. Bunun üçün gücümüz var. Sona qədər vuruşacağıq. Çempion olmaq istəyirik”.
R.Əmirquliyev “Şahdağ Qusar”ın hazırkı durumu barədə fikirlərini bölüşüb:
“Mənim nəsə deməyim düzgün olmaz. Bu barədə rəhbərlik daha dəqiq danışa bilər. Yaxşı komandamız var. Fasilədən sonra heyətə yeni oyunçular qoşulub. Onlar komandaya uyğunlaşmalıdırlar. Çempion olmaq üçün komandamızda hər şey var. Bunu meydanda göstərmək lazımdır”.
Qeyd edək ki, 15 turdan sonra hesabında 31 xal olan “Şahdağ Qusar” hazırda 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 38 xalla “Sportinq Baku” başçılıq edir.