“Xəzri”nin baş məşqçisi: “Azərbaycan Kubokunu qazana bilərik”
“Finala çıxaraq titulu qazana bilərik”.
Bakunews.media xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murat Dikmen basketbol üzrə Azərbaycan Kubokunda “Xırdalan”a 75:64 hesabı ilə qalib gəldikləri A qrupunun oyunu barədə danışarkən deyib.
Mütəxəssis çempionatda da lider olduqlarını xatırladıb:
“Kubokda yarımfinala çıxmışıq, bunların heç biri təsadüf deyil. Hamısını çox və doğru çalışaraq etmişik. Bütün rəhbərliyi, menecerləri, oyunçularımı, köməkçilərimi, azarkeşlərimizi təbrik edirəm. Bunu onlara hədiyyə edirik. Ümidvaram ki, kuboku qazanıb onlara daha dəyərli hədiyyə verərik. “Neftçi” ilə oyundan sonra yarımfinalda hansı komanda ilə oynayacağımız bəlli olacaq. Oranı da ayrıca düşünəcəyik”.
“Xırdalan”ın baş məşqçisi Uğur Özdemir rotasiya imkanlarının məhdud olduğunu vurğulayıb:
“Oyunçularımız mübarizə aparmalarına baxmayaraq, son hissədə çox yoruldular. Məhz bu dövrədə problem yaşadıq. Gözəl basketbol nümayiş etdirdik. Lakin son taymda həm biz öz oyunumuzda konsentrasiyanı itirdik, həm də bəzi fərqli məqamlar nəticəyə təsir etdi. Bu fərqli məqamları artıq iki oyundur ki, yaşayırıq. Kubok estafetini özümüz üçün bitmiş hesab edirik. Çempionat oyunlarına köklənməyə çalışacağıq”.