Azərbaycanın dəstək verdiyi iraqlı türkmənlərin futbol komandası vilayət çempionu olub - FOTO
Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) İraq türkmənləri və Azərbaycan arasında mədəni əlaqələrin güclənməsi, türkmən gənclərin ictimai və fərdi inkişafına dəstək verilməsi istiqamətində həyata keçirdiyi layihələr çərçivəsində İraqın türkmənlər yaşayan Tel-Afər şəhərində bir müddət əvvəl yeniyetmələrdən ibarət futbol komandası yaradılıb.
Bakunews.media xəbər verir ki, Azərbaycanın və İraq türkmənlərinin ortaq dəyəri hesab olunan böyük şair və mütəfəkkir Füzulinin, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş eyniadlı şəhərin adını daşıyan “Füzuli” komandası Tel-Afər Gənclər Akademiyasının tərkibində İraq Gənclər Mərkəzi ilə bir yerdə təsis edilib.
“Füzuli” komandası bu mövsüm Tel-Afər şəhərinin də daxil olduğu Ninəva vilayəti üzrə yeniyetmələr arasında keçirilmiş yarışlara qatılıb, final mərhələsinə qədər yüksəlib. Martın 10-da final mərhələsində son rəqibinə penaltilər seriyasında qalib gələn komanda Ninəva vilayətinin çempionu adını qazanıb.
“Füzuli” komandası yaranan dövrdən etibarən futbolçuların geyim formaları, avadanlıq və digər ləvazimatlarla təmin olunmasına Azərbaycan tərəfindən dəstək göstərilib.
Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov bildirib ki, ABİA-nın İraq türkmənlərinə yönəlik layihəsi çərçivəsində keçən il təşkilatın və İraqın Tel-Afər Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan və ərəb dillərində “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” adlı kitab nəşr olunub. Həmin kitabın Azərbaycanda və İraqda təqdimatı keçirilib. Ötən il sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin anım günü ilə bağlı İraqda bu ölkənin aparıcı təşkilatlarının və türkmən əşirət başçılarının iştirakı ilə mərasim keçirilib, eyni zamanda, Azərbaycan Ordusunun qəhrəmanlıqlarının, 30 illik işğalın nəticələrinin, hazırda Qarabağda gedən bərpa-quruculuq işlərinin əks olunduğu fotosərgi və film nümayiş etdirilib.
Layihə çərçivəsində, həmçinin bir qrup iraqlı türkmən gənc üçün Azərbaycan dili, tarixi, mədəniyyəti üzrə kurslar, şəxsi inkişaf üzrə bir sıra peşə kursları təşkil edilib.