Prezidentin general-mayor rütbəsi verdiyi Elçin Məmmədov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova general-mayor ali hərbi .

Modern.az-ın məlumatına görə, Elçin Məmmədov Daxili Qoşunların Qala qəsəbəsində yerləşən Ali Hərbi Məktəbinin rəisidir.

E.Məmmədov Ali Hərbi Məktəbin rəisi postuna 2023-cü ilin iyun ayında təyin olunub.

Həmin təyinatadək o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub.

E.Məmmədov 44 günlük Vətən müharibəsində iştirak edib. O, Ali Baş Komandan tərəfindən ”Vətən uğrunda” medalı ilə təltif edilib.

Əslən Cəbrayıl rayonundan olan E.Məmmədov Türkiyənin İstanbul Levent Hərbi Akademiyasında ali təhsil alıb.

Daxili Qoşunların Ali Hərbi Məktəbi Daxili Qoşunlar Komandanının 30 sentyabr 1994-cü il tarixli, müvafiq əmrinə əsasən Bakı şəhər Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində Tədris Taboru kimi yaradılıb.

5 iyul 2001-ci il tarixdə Daxili Qoşunlar Komandanının müvafiq əmrilə Tədris Taboru Tədris Mərkəzi kimi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası daxili işlər nazirinin 20 sentyabr 2003-cü il tarixli əmri ilə Tədris Mərkəzinin bazasında “N” saylı hərbi hissə yaradılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbi təşkil edilib.

4 iyul 2008-ci il tarixində Azərbaycan Respublikası daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən hərbi hissəyə döyüş bayrağı təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli sərəncamı ilə Orta İxtisas Hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb yaradılıb.

Azərbaycan Prezidentinin 2012-ci il 9 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilib.

Ali Hərbi Məktəbə qəbul olan namizədlər Azərbaycan dilini sərbəst bilən, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.  

0.055069923400879