65 ailənin yaşadığı bina qəzalı vəziyyətdə: “Çay üçün suyu tualetdən doldururuq” - REPORTAJ + FOTO

1958-ci ildə Şəki İpək Kombinatının işçiləri üçün inşa edilən yataqxana bir dəfə də olsun, əsaslı təmir edilməyib.

Bizim.media xəbər verir ki, bu müddətdə binanın yalnız dam örtüyü təmir edilib. Hətta onunla bağlı işlər də yarımçıq görülüb. 2022-ci ildə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirib və yaşayış üçün məqbul olmaması barədə akt tərtib ediblər.

Yataqxanadakı sakinlərin əksəriyyəti qışda odun sobasında istifadə edir. Binada elektrik naqilləri keyfiyyətsiz olduğundan tez-tez qəzalar baş verir, elektrik enerjisinin verilməsində fasilələr yaranır.

Sakinlərdən biri Mehriban Kərimova bildirir ki, bina uçmaq üzrədir:

“Bura vaxtilə kombinatın binası idi. İndi isə icra hakimiyyətinin balansındadır. Binanın vəziyyəti bərbaddır. Biz tualetdən çay suyu doldurub içirik. Bina uçmaq üzrədir, istiliyimiz yox, qazımız yox”.

Sakinlər iddia edirlər ki, gün ərzində bir dəfə, saat 17-18 arasında su verilir, onu da ancaq sanitar qovşağın yerləşdiyi yerdən götürə bilirlər. 

Ailəsində iki əlil şəxs olan Xuraman Cumayeva üçün isə bu vəziyyət daha çətin və dözülməzdir. O bildirir ki, 20 ildir, ailəsi ilə burada yaşayır.

“Vəziyyətimiz ağırdır. Divarlardan daşlar qopub tökülür. Uşaqlar var, keçəndə başına düşüb, onları yaralaya, öldürə bilər. Dəhlizdə hara ayaq basırıq, qırılır. Hər yer uçub-tökülür”, - deyə Cumayeva bildirib.

Sakinləri dinləyəndən sonra üz tuturuq yataqxananın komendantını axtarmağa. Məlum olur ki, komendant Töhfə Nəsrullayeva da uzun illərdir bu binanın sakinidir. O, müsahibə verməkdən çəkinir.

Məsələyə Şəki Şəhər İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışırıq. RİH-in Memarlıq və Tikinti Şöbəsindən bildirilir ki, sakinlərin problemi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb:

“İlkin razılığa əsasən, sakinlərə digər yerlərdə daimi məskunlaşmaları məqsədi ilə kompensasiya ödənilməsi qərara alınıb və bu işin icrası 2024-28-ci illər üçün Dövlət Proqramında əksini tapan kimi icra olunacaq”. 

0.069769144058228