Cəlilabadın bir kəndində uşaqların dərsə getməsi müşkülə çevrilib: “Çantaya əlavə ayaqqabı qoyuruq” - FOTO

Cəlilabad rayonunun Edişə kəndinə aparan yol bərbad vəziyyətdədir.

Bu barədə Bakunews.media-a kənd sakini Xalid Ağazadə məlumat verib.

O bildirib ki, Cəlilabad rayonunda əsas magistral yoldan Edişə kəndinə qədər olan iki kilometr uzunluğunda yol palçıq içindədir:

“Bizim kəndimizə gələn və kənddaxili yollar bərbad vəziyyətdədir. Yağış yağan kimi ümumiyyətlə yolda hərəkət etmək mümkün olmur. Uşaqlar məktəbə uzunboğaz çəkmə ilə gedirlər. Sizə göndərdiyim foto məktəbə gedən yolda çəkilib, təsəvvür edirsiniz? Qardaşımın oğlu 1 saylı Edişə kənd tam orta məktəbinə gedir. Hər gün onun çantasına əlavə bir ayaqqabı da qoyuruq ki, məktəbə çatanda dəyişib, sinif otağına təmiz ayaqqabı ilə girsin. 21-ci əsrdə belə yaşayış olarmı?

Biz demirik ki, mütləq asfalt örtüyü çəkilsin. Heç olmasa, gətirib yollara çınqıl töksünlər ki, adamlar, maşınlar hərəkət edə bilsinlər. Palçıq qatı o qədər dərinləşir ki, sanki bataqlıqda gəzirsən. Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim kəndin yol probleminə mümkün qədər diqqət ayırsınlar”.

Həmin fotoları təqdim edirik:

0.073707818984985