Eyni vaxtda iki qərar çaşdırdı: Taxometri kim quraşdırmalıdır? - AÇIQLAMA + FOTO
Ötən gün “Azərbaycana taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqramın ” və “Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısının ilə bağlı baş nazir qərar imzalayıb.
Bakunews.media xəbər verir ki, bu iki qərarın eyni anda yayımlanması cəmiyyətdə çaşqınlıq yaradıb. Belə ki, bir çoxları bu qərarları Milli Məclisin 2023-cü ildə keçirilən plenar iclasının III oxunuşunda müzakirəyə çıxardığı “Avtomobil nəqliyyatı haqqında” ilə qarışıq salıb.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan Bakunews.media-ın sorğusuna cavab olaraq bildirildi ki, qərarlarda iki fərqli məsələdən söhbət gedir.
Qeyd olunub ki, məlumatların toplanması taksi daşımaları barədə müfəssəl məlumat bazasının formalaşmasını, nəqliyyat xidmətlərinin və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə aparılan təhlillərdə bu məlumatlardan istifadə olunmasını və daha əsaslandırılmış qərarların qəbul edilməsini, həmçinin taksi daşımalarının təhlükəsizliyinin artırılmasını təmin edəcək.
“Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli 147 saylı qərarı ilə “Taxoqraflardan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqram” təsdiq edilib. Təsdiq olunan proqram üzrə həm operatorlara, həm də operatorların məsul şəxslərinə və sürücülərinə, eyni zamanda, texniki xidmət göstərən emalatxanaların mütəxəssislərinə və nəzarət işlərini həyata keçirən Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına proqrama uyğun olaraq təlimlər keçiriləcək”, - AYNA-dan bildirilib.
Qurumun açıqlamasında deyilir ki, taxoqraf beynəlxalq yük və sərnişindaşımalarını həyata keçirən avtonəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə nəzarəti təmin edən cihazdır. Qanunvericilikdə analoq və rəqəmsal taxoqraflar olmaqla iki növə bölünür. Hazırda Avropada smart-taxoqrafların tətbiqinə də başlanılıb.
Taxoqraflardan istifadə Azərbaycanın qoşulduğu Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişinin (AETR) tələbidir. Taxoqrafda sürücünün nəqliyyat vasitəsini nə qədər idarə etdiyi, nə qədər dincəldiyi, texniki təmirə sərf etdiyi vaxt və digər məlumatlar qeydə alınır. Nəzarətedici orqan tərəfindən nəzarətçi kartı daxil edilərək taxoqrafdan həmin məlumatlar xaric edilir və piktoqramlar vasitəsilə göstərilir.
“Taksi minik avtomobillərində isə taksometr quraşdırılır.
Taksometr fiskal yaddaşı olan xüsusi ölçü cihazıdır. Taksi minik avtomobilinin qət etdiyi məsafəni və boş dayanmanın müddətinin uçotunu aparır, gediş haqqının məbləğini hesablayır. Taksilərdə eyni funksiyanı yerinə yetirən proqram təminatları da taksometr funksiyasını yerinə yetirir”, - deyə açıqlamada qeyd olunur.
Əzizə İsmayılova